Qəzza zolağında atəşkəs və orada saxlanılan israilli girovların azad edilməsinə dair razılaşmanın bu gün yerli vaxtla saat 08:30-da qüvvəyə minməsi gözlənilirdi.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İsrail hakimiyyəti bunu nəzərə alaraq HƏMAS-ın əlində bir ildən çox əsirlikdə qalan ilk girov qrupunu qəbul etməyə hazırlaşırdı.
Əldə olunan razılaşmalara görə, birinci qrup üç nəfərdən ibarət olmalı və yanvarın 18-i axşam saatlarında ilk olaraq azad ediləcək girovların adları açıqlanmalıydı. Amma...
HAMAS azad ediləcək israilli girovların adlarını açıqlamayıb və siyahını hələ də qarşı tərəfə təqdim etməyib.
İsrail Ordusunun sözçüsü Daniel Hagari bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, HAMAS razılaşmaya əməl etmədiyi üçün İsrail Ordusu Qəzzaya zərbələr endirməyə davam edəcək: “Bu səhərə kimi HAMAS öz öhdəliklərini yerinə yetirməyib və razılaşmaya zidd olaraq bu gün azad edilməsi planlaşdırılan girovların adlarını İsrailə təqdim etməyib. Baş nazir Binyamin Netanyahunun göstərişinə əsasən, HƏMAS öz öhdəliklərini yerinə yetirməyinə qədər atəşkəs qüvvəyə minməyəcək. HƏMAS razılaşmadan irəli gələn öhdəlikləri yerinə yetirənə qədər İsrail Ordusu Qəzza zolağına zərbələr endirməyə davam edəcək”.