İsrail fevralın 15-də 369 fələstinli məhbusu azad edəcək.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə HƏMAS-ın əsirlər üzrə ofisi məlumat yayıb.
"Sabah, mübadilə razılaşmasının birinci mərhələsi çərçivəsində ömürlük həbs cəzasına məhkum edilmiş 36 məhbus azad ediləcək. Həmçinin 2023-cü il oktyabrın 7-dən sonra həbs edilmiş Qəzza zolağından olan 333 məhbus da azad ediləcək", - bəyanatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi sabah azad ediləcək girovların siyahısını təsdiqləyib.
"Qətər və Misirdən olan vasitəçilərin dəstəyi ilə bu gün HƏMAS-dan alınan siyahıda Aleksandr (Saşa) Trufanov, Saqi Dekel Hen və Yair Hornun adları yer alır. Bu siyahı İsrail tərəfindən qəbul edilib və ailələrin razılığı ilə dərc edilib", - deyə ofisin məlumatında bildirilib.