Ağ Evdə danışıqlar zamanı ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında qarşıdurma yaşanıb.
Bu barədə “Associated Press” məlumat yayıb.
Ukrayna lideri amerikalı həmkarını Rusiya tərəfi ilə güzəştə getməməyə çağırıb.
“Biz sizə 350 milyard verdik. İndi çətin vəziyyətdəsiniz. Əlinizdə heç bir güclü kart yoxdur. Biz ölkənizi xilas etmək və savaşı dayandırmaq istəyirik. Siz “mən müharibəni dayandırmaq istəmirəm” deyə bilməzsiniz”, – ABŞ Prezidenti səsini ucaldaraq söyləyib. Bundan başqa, dialoq zamanı Trampın yanında olan vitse-prezident Cey Di Vens əlavə edib: “Heç bir dəfə də olsun “sağ ol” deyibsiniz?”.
Ukrayna lideri Volodimir Zelenski ilə gərgin danışıqlardan sonra ABŞ Prezidenti Donald Tramp onun “sülhə hazır olmadığını” deyib.
Müvafiq paylaşım Amerika liderinin “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
“O, Oval kabinetdə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik etdi. O, sülhə hazır olanda geri qayıda bilər”, – dövlət başçısı yazıb.
Qeyd edək ki, iki ölkə prezidentləri arasında danışıqlar çəkişmə ilə yekunlaşıb.
Görüşü canlı yayımlayan “Associated Press” bunu “Oval kabinetdə açıq antaqonizmin heyrətamiz nümayişi” adlandırıb.
... Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla gərgin danışıqlardan sonra Oval kabineti erkən tərk edib.
“Reuters” Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb ki, Ukraynanın dövlət başçısı ABŞ-dan olan həmkarı ilə işgüzar nahar etməli idi və hər iki lider birgə mətbuat konfransı zamanı minerallar üzrə saziş imzalamağa hazırlaşırdılar.
Lakin Zelenskinin zirehli yolsuzluq avtomobili Trampın “Truth Social”dakı paylaşımından bir neçə dəqiqə sonra qəfildən Ağ Evin Qərb Qanadının qapısına yaxınlaşıb.
Agentlik qeyd edib ki, hazırda danışıqların qrafikində heç bir dəyişiklik olmayıb.