
Böyük Britaniyanın Baş naziri Kir Starmer Qrenlandiya məsələsi ilə bağlı hökumətin mövqeyini aydınlaşdırmaq üçün xalqa təcili müraciət edib.
Teleqraf xəbər verir ki, çıxışı zamanı o, Qrenlandiya üzərində suverenlik məsələsininin yalnız adanın öz sakinləri və Danimarka tərəfindən həll edilməli olduğunu deyib.
“Müttəfiqlər arasında Qrenlandiya - bu ciddi məsələ ilə bağlı yanaşma sakit və təmkinli müzakirələrdən ibarət olmalıdır. Qrenlandiya mühüm əhəmiyyət daşıyır. Uzaq şimal böyük investisiya və daha güclü kollektiv müdafiə tələb edəcək. ABŞ bu səylərdə mərkəzi rol oynayacaq, Böyük Britaniya da öz töhfəsini verməyə hazırdır. Amma burada gözardı edilə bilməyəcək bir prinsip var. Qrenlandiyanın gələcək statusu ilə bağlı istənilən qərar yalnız Qrenlandiya xalqı və Danimarka Krallığına məxsusdur”, - Starmer qeyd edib.
Böyük Britaniya Baş naziri ABŞ-ın Qrenlandiyaya hərbi müdaxiləsinin mümkünlüyünə inanmadığını vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın Amerikaya ilhaqının vacibliyini bəyan edib.