
Avqustun 26-da Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib.
Senzor.az bildirir ki, Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı və yeni müvəffəqiyyətlər arzulayıb.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan Mehriban Əliyevanın xeyirxah fəaliyyətinin dünyada böyük rəğbətlə qarşılandığını vurğulayıb.
Azərbaycanın Birinci vitse-prezidenti göstərilən diqqətə və təbriklərə görə təşəkkür edib.
Telefon söhbəti əsnasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Türkiyənin birinci xanımı Əminə Ərdoğanın səmimi görüşləri məmnunluqla xatırlanıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Türkiyənin birinci xanımı Əminə Ərdoğan qardaşlıq və strateji müttəfiqlik əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.
Qeyd edək ki, Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edərək ad gününü təbrik edib, ən xoş arzularını çatdırıblar. 
İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Dəyərli və mehriban bacım.
Böyük ehtiram və sevinc hissi ilə Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm.
Sizin sosial, mədəni və beynəlxalq sahələrdəki üstün, müdrik və fədakar fəaliyyətiniz hər zaman ilhamverici və qürur mənbəyi olmuşdur.

Qonşu, dost və qardaş ölkələr olan İran ilə Azərbaycan Respublikası arasında dərin dostluq və qardaşlıq köklərinin mövcudluğundan, həmçinin iki ölkənin qadınlarının bu müştərək irsin qorunmasında mühüm rol oynamasından böyük məmnunluq duyuram.
Bu əlamətdar və xoş gündə Sizə səmimi-qəlbdən bərəkətli uzun ömür, möhkəm cansağlığı və davamlı müvəffəqiyyətlər, dost və qardaş Azərbaycan Respublikasına isə tərəqqi və rifah arzulayıram”.