ABŞ-ın sabiq prezidenti Donald Tramp ölkənin hazırkı lideri Co Baydeni Əfqanıstandakı iflasa görə üzr istəməyə çağırıb.
Tramp bu barədə “Fox Business”ə açıqlamasında bildirib.
“O, çərşənbə axşamı Əfqanıstandan qoşunların çıxarııması ilə bağlı edəcəyi çıxışı zamanı həmvətənlərinə "üzr istəyirəm" deməlidir. Amerikalılardan üzr istəməlidir”, - Tramp əlavə edib.
Keçmiş ABŞ liderii "Dover" hava bazasındakı vəziyyəti utancverici adlandırıb. Burada bazar günü Kabildə terror aktı nəticəsində ölən ABŞ hərbçilərinin cənazələrinin yaxınlarına təhvil verilməsi mərasimi keçirilib.
"Bayden ayağa qalxdı və saatına baxdı, sanki oradan çıxıb evə getmək istəyirdi. Bunun üçün də üzr istəməlidir", - Tramp əlavə edib.
Azvision.az xatırladır ki, ABŞ Prezidenti Co Baydenin çərşənbə axşamı Əfqanıstanla bağlı çıxış edəcəyi gözlənilir. Amerika lideri qoşunları geri çəkməsi və bunun nəticəsində ölkəyə nəzarətin "Taliban"ın əlinə keçdiyi üçün ciddi şəkildə tənqid olunur.