Əfqanıstan müqavimət qüvvələri “Taliban”ın Pəncşir vadisinə hücumlarını dəf edib, 500-dən çox yaraqlı öldürülüb.
Bu barədə “Sputnik Əfqanıstan” əyalətdəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, hazırda "Taliban” yaraqlıları Pəncşirə keçməyə çalışırlar, amma buna nail ola bilməyəcəklər. “Taliban”ın heç bir postu tutmadığı, əvəzində iki gün ərzində 500-dən çox yaraqlının öldürüldüyü bildirilir.
Onlarla yaraqlının təslim olması ilə bağlı məlumatlar da var. Pəncşir Teleradio Şirkətinin əməkdaşının sosial şəbəkədə yazdığına görə, "Taliban"ın itkiləri o qədər çoxdur ki, meyitləri çıxarmaq üçün yerli əhalinin köməyindən istifadə etmək məcburiyyətindədirlər.
"Taliban" Pəncşir hücumunda itkilərini rəsmən təsdiqləməyib.
Azvision.az xatırladır ki, daha əvvəl "Taliban" nümayəndəsi Əmir Xan Mottaki müqavimət qüvvələri ilə danışıqların uğursuz olduğunu söyləyib. Bunun səbəbini isə kiçik Əhməd Məsudun qeyri-real tələbləri ilə izah edib.