“Politico” nəşri diplomatik dairələrdəki mənbələrinə istinadən İranın Rusiya və Çinlə ballistik raketlər üçün yanacaq komponentinin tədarükü ilə bağlı gizli danışıqlar apardığı barədə məqalə yayımlayıb. Məqalədə yazılanlara görə, İran Rusiya və Çindən ammonium perxlorat əldə etməyə çalışır. Tehranın hər iki dövlətin və dövlət şirkətlərinin rəsmiləri ilə, o cümlədən “Anozit” şirkəti ilə bir sıra danışıqlar apardığı bildirilib. Məqalədə danışıqların nəticələri barədə heç nə yazılmayıb.
Məlumat təsdiqlənəcəyi halda bu, BMT-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların pozulması olacaq. Çünki sözdə Rusiya və Çin İranın nüvə proqramının əleyhinədirlər. Halbuki Tehran, yuxarıda qeyd etdiyimiz kimi, hər iki dövlətin və dövlət şirkətlərinin rəsmiləri ilə, o cümlədən “Anozit” şirkəti ilə bir sıra danışıqlar aparıb...
İranda 1979-cu il inqilabından bu yana nüvə məsələsi aktual olub. Tehran əvvəlcə şah dövründən yarımçıq qalan atom elektrik stansiyalarının tikintisini başa çatdırmağa çalışıb, ikinci mərhələdə isə uranın zənginləşdirilməsi prosesini genişləndirib. Qonşu Pakistan nüvə silahı əldə etdikdən sonra İran da eyni silahı əldə etmək barədə düşünüb. Bu məqsədlə Pakistanda nüvə silahının yaradıcısı, alim Əbdül Xanla əlaqə qurulub və onun imkanlarından istifadə edilərək nüvə çalışmaları sürətləndirilib. Qərb bundan xəbər tutandan sonra pakistanlı alimin İrana nüvə sirlərini ötürülməsinin qarşısını alıb. Əbdül Xan bir müddət Pakistanda ev həbsinə alınıb. Pakistanlı alim 2021-ci ildə 85 yaşında koronavirusdan ölüb.
Məntiqlə Moskva və Pekin İranın nüvə çalışmasının genişlənməsində maraqlı olmamalıdırlar. Bunun iki səbəbi var. Birincisi, nüvə dövləti adətən qonşuluğunda nüvə dövlətinin sayının artımasında maraqlı deyil. İkincisi, Rusiya və Çin “Nüvə silahının yayılmaması barədə müqavilənin” imzalayan ölkələrdir.
Buna baxmayaraq, Moskva və Pekin İranın ABŞ və İsrailə qarşı müqavimət gücünün artırılmasını istəyirlər. İran son illərdə Rusiyanın və Çinin strateji tərəfdaşına çevrilib. Bu 3 ölkəni anti-Qərb siyasəti birləşdirir. Moskva və Pekində hesab edirlər ki, İran məğlub olsa, anti-Qərb bloku zəifləyəcək. Ona görə də Moskva və Pekin sözdə İranın nüvə proqramının əleyhinə olsalar da, nüvə silahına malik İranda maraqlıdırlar. İran nüvə silahını əldə etdikdən sonra ABŞ və ya İsrailin bu dövləti ram etməsi çətinləşəcək. Bu isə Rusiya və Çinin maraqlarına cavab verir.
“Atlas” Araşdırmalar Mərkəzi