
Polşa Prezidenti Karol Navrotski bildirib ki, ordu, hərbi əks-kəşfiyyat və Daxili Təhlükəsizlik Agentliyinin zabitlərinin rütbələrinin artırılması ilə bağlı ənənəvi mərasimdən əvvəl onunla görüşə gəlməyən Polşa xüsusi xidmət orqanlarının rəhbərlərindən üzrxahlıq gözləyir.
K. Navrotski bu barədə "TV Republika" kanalına verdiyi müsahibəsində danışıb.
"Mən xüsusi xidmət orqanlarının rəhbərlərinin üzr istəmələrini və rütbə artırılması məsələləri ilə bağlı onlarla danışmaq üçün mənimlə görüşmələrini gözləyirəm", - deyə o bildirib.
Qeyd edək ki, 1989-cu ildən bəri ilk dəfə Polşa xüsusi xidmət orqanlarının rəhbərləri ölkə Prezidenti ilə görüşməkdən imtina ediblər.
Navrotski isə bəzi zabitlərə daha yüksək rütbələrin verilməsi haqqında fərmanı imzalamaqdan imtina edib.
Polşanın Baş naziri Donald Tusk noyabrın 7-də bu qərarı tənqid edərək onu Navrotskinin "Polşa hökuməti ilə müharibəsində növbəti addım" adlandırıb. Cavabında Navrotski baş naziri "xüsusi xidmət orqanlarından siyasi məqsədlər üçün istifadədə" ittiham edib.