Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorin erməniləri sakitləşdirməyə çalışmaqla yanaşı, onlara əsla və heç zaman reaallaşmayacaq vədlər verib.
"Brüsseldə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasındakı görüşlə danışıqlardan sonra Avropa İttifaqı Şurasının sədri cənab Şarl Mişelin bəyanatına çox müsbət yanaşıram. Bu bəyanat məndə nikbinlik yaradır. Eyni zamanda, vurğulamaq istərdim ki, qarabağlı ermənilərin hüquqları ilə təhlükəsizlikləri təmin edilməlidir. Bunun üçün beynəlxalq mexanizm yaradılmalıdır".
O, daha sonra bildirib ki, Azərbaycanla Ermənistanın şərti dövlət sərhədi boyunca qoşunları ölkə içlərinə çəkərək demarkasiya və delimitasiya ilə bağlı işlərə başlayacaqlarına ümid edir: "Sərhəddə erməni qoşunlarının yerləşdikləri bir və ya iki məkanın olduğu dəqiq göstərildi. Çox dəqiq demarkasiya ilə delimitasiya olmalıdır. Brüsseldə məhz bu formuladan istifadə olundu".
Səfir Andrea Viktorin İrəvanda bundan sonra da mətbuat konfransları və ya brifinqlər keçirərək ermənilərə istədiyi mövzuda, formatda və məzmunda vədlər verə bilər.
Avropa İttifaqı ilə Ermənistan arasında qarşılıqlı əlaqələrin intensivləşdirilməsi, təmasların aktivləşdirilməsi və s. mövzularda da müzakirələr keçirilə bilər. Hətta Aİ-nin ermənilərə vəd etdiyi, amma indiyədək 1 sent (!) belə ayrılmadığı 2,6 milyard avroluq "yardım paketi" ilə bağlı danışıqlar davam da etdirilə bilər.
Bütün bunlar Ermənistanın problemləridir və Azərbaycan da təbii ki, ermənilərin daxili işlərinə, xüsusilə də Aİ-Ermənistan təmaslarına müdaxilə edərək hansısa məzmunda açıqlamalar vermək niyyətində deyil.
Lakin Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri heç bir halda Azərbaycanın daxili işlərinə kobud və primitiv şəkildə müdaxilə etməyə cəhd göstərməməlidir.
Hazırda Qarabağ iqtisadi zonasının şimalında, Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan ermənilər Azərbaycan sakinləridir. Onların hüquqları və təhlükəsizliklərinin təminatı ilə bağlı istisnasız olaraq bütün problemlər sadəcə, Azərbaycan Konstitusiyası çərçivəsində həll oluna bilər və olunacaq da.
Qarabağlı ermənilər Azərbaycandakı digər etnik azlıqlarla bərabər hüquqlara və analoji vətəndaş azadlıqlarına malik olacaqlar. Onlar üçün hansısa əlahiddə hüquqların təsisatından, təhlükəsizliklərinin təminatı üçün "beynəlxalq mexanizm"lərdən söhbət belə gedə bilməz.
Bu, Azərbaycanın rəsmi mövqeyidir və heç bir dövlətin, yaxud beynəlxalq təşkilatı istəyi ilə dəyişməyəcək.
Qarabağlı ermənilərin yeganə yolu Azərbaycan cəmiyyətinə reinteqrasiya, Azərbaycanın ümumvətəndaş pasportunun və şəxsiyyət vəsiqəsinin alınması, onillərlə davam edən xaos və revanişizmdən sonra normal həyata qayıdışdır.
Hərgah bu yol seçilməzsə, hazırda Ermənistan pasportu daşıyan həmin şəxslər qanunsuz miqrantlar, Azərbaycan ərazisində illeqal yaşayan şəxslər kimi apriori qaydada statusa yiyələnəcəklər. Belədə onlar ölkə ərazisini tərk etməlidirlər, çünki heç bir dövlətin, o cümlədən Ermənistanın vətəndaşları Azərbaycan ərazisində kompakt şəkildə qanunsuz yaşaya bilməz və illah da yaşamaqla yanaşı, ölkənin digər vətəndaşları üçün potensial terror, diversiya və s. mənbəyi ola bilməzlər.
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqlara gəldikdə isə, hər şey yetərincə sadə, kifayət qədər aşkar və aydındır.
Ermənilərin anlamındakı "Qarabağ məsələsi" artıq bütünlüklə, tamamən və geridönüş olmadan tarixin zibilliyinə atılıb.
Bunu hətta Nikol Paşinyan da dərk etdiyindən, Ermənistan rəhbərliyi 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində formalaşmış yeni geosiyasi reallıqlarla barışmaq məcburiyyətində qaldığını az qala hər gün vurğulayır.
Fəqət ermənilərin bu bəyanatlarına əsla inanmaq olmaz: Paşinyan sadəcə, sülh prosesinə sadiq olduğunu nümayiş etdirir və niyyətini imitasiya edir.
Fransa ilə Hindistan hazırda Ermənistanı silahlandırmaqla, silah-sursat və hərbi texnika ilə təmin etməklə məşğuldur.
Hələlik təsdiqlənməmiş məlumatlara görə, Fransa Ermənistana 50 zirehli transportyor (ZTR) və "Mistral" hava hücumundan müdafiə raket kompleksləri verməyə hazırlaşır.
Zod (Söyüdlü) yatağı yaxınlığında Ermənistan ordusunun mövqelərimizə hücum etmək cəhdləri zamanı düşmən sıralarında mülki paltarda fransalı təlimatçıların olduğunu da gördük. Həmin təlimatçılar mülki avtomobildə olaraq mövqelərimizi vurmaq üçün zərbə PUA-larını idarə edirdilər.
Avropa İttifaqının ütün zahiri səylərinə rəğmən, Fransanın dövlət başçısı Emmanuel Makron birmənalı olaraq Ermənistanı dəstəkləyir, erməniləri yeni müharibəyə sürükləməyə çalışır.
Yekun sülh sazişinin imzalanmasına istiqamətlənmiş prosesə gəldikdə isə, rəsmi Bakı Ermənistanı 29800 kvadrat kilometrlik ərazidə tanımağa hazırdır.
Bakının mövqeyi dəyişməyib.
Ermənistanın baş naziri Nikol Paşinyansa bəyan edir ki, Azərbaycanı 86600 kvadrat kilometrlik ərazidə tanımağa hazırdırlar. Yəni İrəvan Qarabağla yanaşı, Azərbaycanın Ermənistan ərazisində yerləşən və hazırda işğalda olan anklavlarını - Qazaxın 7 kəndi ilə Naxçıvanın 1 kəndini - də Azərbaycan ərazisi qismində tanımaq niyyətini açıqlayıb.
Brüsseldəki müzakirələrlə bağlı danışıqlardan sonrakı açıqlamasında Şarl Mişel "Qarabağda yaşayan ermənilər" ifadəsini işlətdi. Beləcə, Ermənistanın və dünya erməniliyinin ümidləri faktiki olaraq, puç olub, çünki "milli müqəddəratın təyinatı", "respublika", "suverenlik və müstəqillik" kimi söz birləşmələrini qarabağlı ermənilərlə bağlı olaraq Avropa İttifaqı qəbul etmədiyini aşkar bildirdi.
Brüssel üçün qarabağlı ermənilər sadəcə, Azərbaycanın tərkibindəki sadiq Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş inzibati ərazisində yaşayan şəxslərdir.
Bu səbəbdən də artıq mifik "Dağlıq Qarabağ"ın nə "ərazi"si, nə "vətəndaşlar"ı, nə də hər hansı siyasi iddiaları yoxdur.
Şarl Mişelin "Laçın dəhlizi" ifadəsindən də boyun qaçırmasını nəzərə alsaq, Avropa üçün indi olan sadəcə, Laçın yoludur.
Bu yolla bağlı Brüsseldə müzakirələr də olmadı, çünki müzakirə mövzusu və ya subyekti zatən, yoxdur.
Ermənilərin Qarabağla bağlı separatizmi və terrorizmi artıq məhvə məhkumdur - Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin açıqlamaları bunu bir daha təsdiqləyir.
Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Andrea Viktorinə gəldikdə isə, ermənilərin Azərbaycan əraziləri ilə bağlı iddialarının artıq idiotizm kimi qəbul edilməsini, qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə və qanunvericilik məkanına reinteqrasiyası üçün "beynəlxalq mexanizm"lərin olmayacağını bu xanım anlayarsa, pis olmaz.
Qarabağlı ermənilər onlarla bağlı yalnız Bakının beynəlxalq təşkilatlarla müzakirələrinə bel bağlaya bilərlər.
Qarabağ Azərbaycandır: Nikol Paşinyanla ona hamilik etmək istəyənlər bunu dərk etməlidir.
Etməsələr, qarabağlı ermənilərin halı yaxşı olmayacaq.