Ermənilərin xülyaları puç olur - Paşinyan son şanslarını dəyərləndirə bilməsə, Ermənistanı fəlakət gözləyir
ELÇİN ALIOĞLU YAZIR

İstənilən hakimiyyətin qanuniliyinin, yəni legitimliyinin iki başlıca tərkib hissəsi, iki özəyi var: daxili və xarici.

 

İlk halda, yəni daxili özək olduğu halda, yüksək daxili legitimliyə, xalqın dəstəyinə və vətəndaşların etibarına malik olan hakimiyyət daxili siyasəti uğurla gerçəkləşdirir, xarici siyasət səhnəsində üzləşdiyi çağırışları isə dövlətin maraqları və xalqın mənafeyi çərçivəsində həll edir.

 

İkinci halda isə hamilərindən, yəni asılı olduğu dövlətlərdən və ya beynəlxalq təşkilatlardan aldığı göstərişlərlə təlimatlar əsasında davranan hakimiyyət məhz onların maraqlarını xalqın mənafeyi və dövlətin gələcəyi hesabına təmin edir, vətəndaşların taleyini hərraca çıxarır.

 

Ermənistanın hakimiyyət dairələri bəhs etdiyimiz ilkin variantı yox, ikinci formatı - kənar qüvvələrin maraqlarından çıxış edərək ermənilərin taleyi, gələcəyi və perspektivləri ilə oynamağı seçiblər.

 

Nikol Paşinyanın hakimiyyətini qorumaq və indi yaşanan situasiyadan minimum itkilərlə çıxaraq xəyanətkar imicini yaxşılaşdırmağa can atması asanlıqla sezilir.

 

Dünən Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin Zəngilandan keçən hissəsində Ermənistan Müdafiə Nazirliyinin təxribat-kəşfiyyat qrupunun da ərazimizə sızması bəhs etdiyimiz proses çərçivəsində olan hadisədir.

 

Erməni hərbçilərin qarşısı alınmasa idi, onlar dinc vətəndaşlarımızı qətlə yetirmək, diversiya və terror aksiyalarını həyata keçirməklə bağlı tapşırığı icra etməyə çalışacaqdılar.

 

Məqsəd bilavasitə Nikol Paşinyan administrasiyasından alınmış göstəriş əsasında kiçik də olsa, "lokal uğur" əldə etməkdi.

 

Paşinyanın belə taktiki qələbələrə ehtiyacı var və o, sərhəddə təxribatlar vasitəsilə "iradəli, qorxmaz və qətiyyətli baş nazir" olduğunu nümayiş etdirməyə çalışır.

 

Daxili siyasi arena ilə yanaşı, xarici siyasətdə də Nikol Paşinyan absurdizm təki dəyərləndirilə biləcək ifrat bəsit iddialarla çıxış edir.

 

Yekun sülh sazişinin imzalanması prosesinə ABŞ, Avropa İttifaqı və Rusiyanın müdaxilələri gücləndikcə, qlobal güc mərkəzlərinin hər biri konseptual olaraq məhz öz maraqlarını təmin edərək mövqelərini möhkəmləndirməyə çalışdıqları zamanda rəsmi İrəvan əsassız iddialarının sayının artırır.

 

Belə iddialar arasında son vaxtlar Azərbaycanla Ermənistanın qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüklərini tanıması ilə bağlıdır.

 

Nikol Paşinyan Azərbaycanın ərazi bütünlüyünü 86,6 min km2, rəsmi Bakı isə Ermənistanın ərazi bütünlüyünü 29,8 min km2 miqyasında tanıdığını bəyan edir.

 

Ermənistan müxalifəti, erməni diasporu isə tam əksinə, fasiləsiz olaraq marazmatik və uydurma "tarixi məxəz"lərə əsaslanaraq "Böyük Ermənistan"dan bəhs edir, "Dənizdən dənizə Ermənistan"ın ərazisinin "əks olunduğu" xəritələrə istinad edir və ən başlıcası, "Dağlıq Qarabağın Azərbaycan ərazisi olmadığı Ermənistan Konstitusiyası ilə qanunlarında təsbit olunub" deyirlər.

 

Yəni ermənilərin ritorikasına görə, "Dağlıq Qarabağ"ın - halbuki bu ifadə artıq tarixə qovuşub və yoxdur - ərazisi, sən demə, Azərbaycan ərazisi deyilmiş və mifik "Dağlıq Qarabağ"ın əsatirlərlə ermənilərin xəyallarındakı "ərazisi"nin tanınması olmadan Ermənistanın ərazi bütünlüyü tanına bilməz.

 

Erməni siyasətçilər, siyasi analitiklər, hakimiyyət mənsubları və s. bəyan edirlər ki, bu prinsip Ermənistan qanunvericiliyində, Müstəqillik Bəyannaməsində və Konstitusiyasında əks olunub.

 

Halbuki iddialar tamamilə əsassız, yalan və de-yure olmaqla yanaşı, de-fakto paradoksaldır.

 

Ermənistan Müstəqillik Haqqında Bəyannaməni 1990-cı ilin avqustun 23-də qəbul edib. Sənəddə Qarabağı Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirən Ermənistan SSR Ali Şurasının 1 dekabr 1989-cu il tarixli aktına istinad edib. 5 il sonra, 1995-ci ilin iyulun 5-də qəbul edilmiş Konstitusiyanın preambulasında sözüedən məqam öz əksini tapıb və Ermənistan Konstitusiyaya 27 noyabr 2005 və 6 dekabr 2015-ci illərdə edilən düzəlişlər zamanı toxunulmaz qalıb. Məhz bu məqamlara istinad edən erməni siyasətçilər, şərhçilər və diaspor mənsubları Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sülh sazişinin Ermənistan Konstitusiyasına zidd olduğunu vurğulayaraq Azərbaycanla Ermənistan arasında bəhs etdiyiimz sənədin imzalanmasının mümkünsüz olduğunu vurğulayırlar.

 

Lakin bu, çox bəsit və irrasional mövqedir. İş ondadır ki, Ermənistan indiyədək üzv olduğu bütün (!) beynəlxalq təşkilatlarda və ikitərəfli əlaqələr qurduğu dövlətlərlə imzaladığı sənədlərdə özünü müstəqil dövlət kimi təqdim edib.

 

Müstəqil dövlətin aprior atributlarından və şərtlərindən biri isə ərazidir ki, həmin sənədlərin hamısında (!) Ermənistan ərazisinin məhz 29,8 min km2 olmasını avtomatik ehtiva edib. Beynəlxalq təşkilatlar, istisnasız olaraq bütün ölkələr də Ermənistanı məhz bu ərazili dövlət kimi tanıyırlar.

 

Məsələn, Rusiya ilə imzalanan ikitərəfli təhlükəsizlik sazişlərində, 1992-ci il Kollektiv Təhlükəsizlik haqqında sazişdə, habelə digər ölkələrlə imzalanan sazişlərdə ərazi bütövlüyü məhz 29,8 min km2 çərçivəsində nəzərdən keçirilir. Şözsüz, Paşinyan vaxt qazanmaq üçün Konstitusiyanın dəyişdirilməsi məsələsini ortaya ata bilər, lakin faktiki buna heç bir əsas yoxdur. Belə ki, əgər İrəvanın imzaladığı sazişlər indiyə qədər Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya zidd müqavilələr kimi rədd edilməyibsə, deməli, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu nəzərdə tutan sülh sazişi də Ermənistan Konstitusiyasına zidd müqavilə kimi nəzərdən keçirilə bilməz.

 

Digər məqam qarabağlı ermənilər arasında 1991-ci ilin dekabrın 10-da keçirilmiş "referendum"dur ki, həm Nikol Paşinyan, həm də onun opponentləri və müxalifətləri bu olaya istinad edərək sülh sazişinin imzalanmasını qanunsuz, mümkünsüz adlandırırlar.

 

Fəqət, bu iddia da absurddur.

 

Əvvəla, o zaman keçirilmiş "referendum"da Qarabağın azərbaycanlı sakinləri iştirak etməyib. Daha doğrusu, onların iştirakı təmin olunmayıb və bu səbəbdən "referendum" qanunsuzdur.

 

Digər tərəfdən, əgər qarabağlı ermənilər bu "referendum" vasitəsilə öz "müstəqillikləri" bəyan etmişdilərsə, Ermənistan Konstitusiyasında və Müstəqillik Bəyannaməsində "təsbit olunmuş" məqamlarla nə edək? Axı İrəvan həmin sənədlərdə qarabağlı ermənilərin yaşadıqları ərazilərlə Ermənistanı vahid subyekt elan etmişdi.

 

Və ən nəhayət, qarabağlı ermənilərin "müstəqillik"lərini 1992-ci ildən bəri heç bir dövlət, o cümlədən Ermənistan tanımayıbsa, İrəvan hansı "ərazi əlahiddəliyi" və ya "millətin öz müqəddəratını təyinetmə hüququ"ndan bəhs edir?

 

Nikol Paşinyan yekun sülh sazişinin imzalanması və Azərbaycanın ərazi bütünlüyünün İrəvan tərəfindən rəsmən tanınması üçün erməni Konstitusiyasına "zəruri dəyişikliklərlə əlavələrin edilməsi"ndən bəhs edir.

 

Əsassız iddiadır, çünki Ermənistan Konstitusiyasında Qarabağla bağlı ifadələr qonşu dövlətə, yəni Azərbaycana qarşı ərazi iddiası olduğundan beynəlxalq hüquq çərçivəsində qanunsuzdur.

 

Nikol Paşinyan indi trivial olaraq, prosesi uzatmağa və vaxt qazanmağa çalışır, çünki Ermənistan Konstitusiyasının 103-cü maddəsinə əsasən, ölkə parlamentində önəmli aktlar 60 faizlik səs çoxluğu ilə qəbul olunur. Hazırda Ermənistanda iqtidarda olan "Mülki Müqavilə" partiyası parlamentdə 64 deputata malikdir, bu da kifayətdir ki, Paşinyan Azərbaycanla imzalanacaq yekun sülh sazişinin mətnini ölkənin ali qanunverici məclisində səs çoxluğu ilə qəbul etdirərək ratifikasiyasına, sonra da Ermənistan prezidenti Vahan Xaçaturyan tərəfindən imzalanmasına asanlıqla nail olsun. 

 

Nikol Paşinyan indi hakimiyyətinin əsaslarını möhkəmlətmək, daxili siyasətdəki prosesləri tam nəzarətə almaq və yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə mümkün qədər çox imtiyazlarla mənfəət əldə etmək niyyətindədir.

 

Di gəl, reallıq onun arzularını puç edir və etməyə də davam edəcək...

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.