İsrail Prezidenti İsxaq Hersoq 30-31 may tarixlərində Bakıda səfərdə olub. O, Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşlər keçirib. Səfərdən qısa müddət əvvəl Hersoq özünün "Twitter" hesabında Azərbaycanın önəmli ölkə olduğunu bildirib və diqqətə çatdırıb ki, Bakıya səfəri ölkələr arasında əməkdaşlığın dərinləşməsinə yol açacaq.
Azərbaycan müstəqilliyini elan etdikdən sonra İsrail ilə sıx əlaqələr qurmağa başlayıb. İsrail Dövləti 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. Bu illər ərzində Azərbaycan və İsrail dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri yaranıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Azərbaycanın İsraildəki səfirliyi isə bu ilin mart ayında fəaliyyətə başlayıb.
İki dövlət arasında hərbi əlaqələr xüsusi önəm daşıyır. İsrail Azərbaycanın əsas silah təchizatçılarından biridir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2017-2021-ci illərdə Azərbaycana tədarük edilən silahların 60%-dən çoxu İsrail istehsalı olub. Azərbaycan İsraildən əsasən pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, tank əleyhinə sistemlər, artilleriya silahları və zirehli texnikalar alır.
İkinci Qarabağ müharibəsində Ermənistan ordusunun məhv edilməsi üçün İsrail silahlarından aktiv istifadə edilib. Xüsusilə hədəflərin aşkarlanması və məhv edilməsi, S-300 zenit-raket komplekslərinin sıradan çıxarılması kimi əməliyyatlar zamanı İsraildən alınan PUA-lar tətbiq edilib.
Bəs növbəti mərhələdə Azərbaycan İsraildən hansı silahları almağı hədəfləyir?
Mövzunu Modern.az-a şərh edən deputat Nəsib Məhəməliyev deyib ki, İsrail ilə əməkdaşlıq yalnız xeyir gətirə bilər.
"İsrail ən müasir texnologiyaları mənimsəmiş, dünyada kifayət qədər güclü orduya, kəşfiyyat sisteminə malik olan bir dövlətdir. Bu baxımdan İsrail ilə Azərbaycanın əməkdaşlığı bizə ancaq fayda gətirə bilər. Bu, artıq sınanmış faktdır. 44 günlük müharibə vaxtı və sonrakı dönəmdə İsrail rəsmilərinin çıxışları, onların ən müasir hərbi texnologiyaları bizə satması onu göstərir ki, münasibətlərimiz ən ağır sınaqlardan çıxıb", - parlamentari bildirib.
O vurğulayıb ki, Azərbaycan ilə İsrail arasında əlaqələr dostluq, tərəfdaşlıq üzərində qurulub.
"İsrailin elm və texnologiyalarından iqtisadiyyat və kənd təsərrüfatının bütün sahələrində istifadə etmək sərfəlidir. Çünki ağır səhra şəraitinə baxmayaraq, İsrail kənd təsərrüfatında da mühüm irəliləyişlər əldə edib. Yəni İsrail ilə siyasi, müdafiə-təhlükəsizlik, iqtisadiyyat, bir sözlə, bütün sahələrdə əməkdaşlığımızı davam etdirməyimiz vacibdir",- deputat qeyd edib.
Hərbi ekspert Ədalət Verdiyev də xatırladıb ki, İsraildən alınan hərbi texnikalar Vətən müharibəsində düşmənə qarşı geniş şəkildə tətbiq edilib.
"Azərbaycanla İsrail arasında 20 ildən çoxdur əməkdaşlıq davam edir. Bu əməkdaşlıq sayəsində Azərbaycanın müdafiə sənayesi kifayət qədər ciddi uğurlara imza atıb. İsraildən əldə etdiyimiz müxtəlif silah sistemləri, o cümlədən pilotsuz uçuş aparatları, artilleriya sistemləri, tank əleyhinə idarə olunan raket kompleksləri kimi silahlar Vətən müharibəsində düşmənə qarşı tətbiq olunub",- ekspert vurğulayıb.
Ə.Verdiyev, həmçinin qeyd edib ki, Azərbaycan və İsrail arasında birgə silahların istehsalı aktualdır və yeni istehsal olunacaq silahların siyahısı çox genişdir.
"Ancaq hələlik heç bir rəsmi məlumat olmadığına görə, yalnız ehtimallarımızı səsləndirə bilərik. Azərbaycan tərəfi üçün məqbul hesab edilən və müdafiə sənayesinin istehsalı üçün uyğun olan İsrail silahları arasında tank əleyhinə idarə olunan raket kompleksləri və ya onların sursatları, artilleriya, uzaqmənzilli reaktiv artilleriya, müxtəlif çaplı atıcı silahlar yer ala bilər. Onsuz da Azərbaycan özü üçün zəruri hesab edilən silahları İsraildən alır. Bizim onlardan ala biləcəyimiz "Spayk" sistemlərinin müxtəlif versiyaları, reaktiv artileriya sursatları, PUA-ların istehsalı üçün zəruri olan avadanlıqlar, zirehli texnikalar üçün ehtiyat hissələri kimi avadanlıqlardır", - ekspert sözlərini yekunlaşdırıb.
İsraildən olan siyasi ekspert David Gendelman Azərbaycanın ölkəsi üçün mühüm rola malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın İsraildə səfirlik açmasından sonra əlaqələrin inkişafında müsbət dinamika müşahidə edilir.
Gendelmanın fikrincə, İsrail Azərbaycanla hər bir sahədə əməkdaşlıq etməkdə maraqlıdır. Bura iqtisadi, siyasi, təhlükəsizlik və hərbi sahələr də daxildir. Onun sözlərinə görə, Azərbaycanın İsraildən yeni silahlar alması istisna deyil.
"Gələcəkdə əməkdaşlıq daha da artacaq. İsrail və Azərbaycan birlikdə müdafiə sahəsində əməkdaşlıq edərək, Azərbaycanı silah istehsal edən ölkəyə çevirə bilərlər. Burada üçüncü ölkənin, yəni Türkiyənin də dəstəyi vacibdir. Üç ölkə birlikdə müdafiə sahəsində ilklərə imza ata bilər”, - deyən tanınmış ekspert Azərbaycan, Türkiyə və İsrailin birlikdə hərbi əməkdaşlıq etməsinin vacibliyinə diqqət çəkib.