
"Ermənistanda saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev ölkənin sabiq prezidenti Robert Koçaryanla qonşu kamerada saxlanılır".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu "Ermənistan" müxalifət fraksiyasının rəhbəri Anna Qriqoryan mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, Şaki kəndinə (Zəngəzur) daxil olan Nəsimi Musayev "İrəvan-Kentron" cəzaçəkmə müəssisəsində olduqca yaxşı şəraitdə saxlanılır. O əlavə edib ki, Ermənistanın sabiq prezidenti qonşu kamerada yerləşdirilsə də, oradakı şərait qeyri-insanidir.
"Təsəvvür edə bilərsinizmi - azərbaycanlı hərbçi mükəmməl şəraitdə, Ermənistanın ikinci prezidenti isə qonşu kamerada dözülməz şəraitdə saxlanılır. Bu, indiki hakimiyyətin dəyərlər sistemini ən aydın şəkildə nümayiş etdirir", - deyə o qeyd edib.
Qeyd edək ki, Robert Koçaryan avqustun 25-də saxlanılıb. Keçmiş dövlət başçısına əmlakın qanunsuz əldə edilməsi işi üzrə ittihamlar irəli sürülüb. İstintaqın məlumatına görə, o, prezidentliyi dövründə vəzifə səlahiyyətlərindən istifadə edərək başqaları ilə əlbir olub və bir sıra ictimai-iqtisadi əhəmiyyətli obyektləri bazar dəyərindən ucuz qiymətə mənimsəyib. Avqustun 27-də onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Onu da xatırladaq ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Şaki kəndi yaxınlığında naməlum səbəblərdən sərhədi keçən hərbçi barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.(Bax:https://www.youtube.com/watch?v=wpmvE5iXc5M)