
ABŞ, Ukrayna və Rusiyanın Əbu-Dabidəki üçtərəfli danışıqlarının ilk günü konstruktiv və olduqca məzmunlu olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında yazıb.
"Bu gün görüşlərin ilk günüdür – əvvəlcə avropalı və amerikalı tərəfdaşlarla söhbət olub, sonra isə bizim, Amerika və Rusiya nümayəndə heyətlərimiz arasında üçtərəfli format. Dəstəyə görə Ukraynanın bütün tərəfdaşlarına minnətdaram.
Üçtərəfli format konstruktiv və olduqca məzmunlu idi. Humanitar addımların zəruriliyini və mümkün parametrlərini müzakirə etməyə imkan tapdıq. Əsirlərin azad edilməsi prioritetdir", - o yazıb.
Ukrayna liderinin sözlərinə görə, tərəflər Ukraynaya təhlükəsizlik zəmanətlərinin məzmununu və onların uzunmüddətli fəaliyyətinin əsasını ətraflı şəkildə müzakirə ediblər.
"Müharibənin bərpasına yönəlmiş hər hansı cəhdlərin qarşısını almaq üçün real alətlər lazımdır. Deeskalasiya addımlarının zəruriliyi mövzusu da var idi... Əsas məsələ sülhü real şəkildə yaxınlaşdırmaqdır və Ukrayna tərəfindən yalnız məhsuldar, keyfiyyətli, dürüst iş olacaq. Bu danışıqların təşkilinə görə ABŞ-a və etibarlı danışıqlar platformasına görə BƏƏ-yə təşəkkür edirəm", - Zelenski vurğulayıb.
Xatırladaq ki, bu gün Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar uzun fasilədən sonra bərpa olunub. Üç ölkənin danışıqlar üzrə qrupları Əbu-Dabidə görüşüblər.
Danışıqların birinci mərhələsi artıq başa çatıb.
Ukrayna nümayəndə heyətinin rəhbəri, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov danışıqları şərh edərkən qeyd edib ki, Ukrayna davamlı sülhə nail olmaq istəyir və tərəfdaşlarından təhlükəsizlik zəmanətləri almağı gözləyir.(Bax: https://www.youtube.com/watch?v=s5IIS9R9AcA)