
Qeyd edək ki, bu görüşə əvvəldən böyük maraq var idi. Siyasi ekspertlər və şərhçilər neçə gün idi ki, müxtəlif şərh-proqnozlar verir, görüşdən gözləntilərini bölüşürdülər. Bu da tam təbii idi. Xüsusən də Ermənistan rəhbərliyinin məlum “siyasi manevrləri”, Qarabağdakı separatçıların son vaxtlar intensivləşən təxribatları və Rusiya sülhməramlılarının suallar doğuran "reaksiyası" fonunda...
İlkin informasiyalara görə, görüş həqiqətən də maraqlı və məhsuldar keçib.
Məsələn, Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilir: "Liderlər Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Onlar Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri çərçivəsində konstruktiv işin davam etdirilməsinin və üç liderin noyabrın 10-da imzaladığı razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər”.
Görüşün bizim üçün ən maraqlı cəhətlərindən biri də odur ki, tərəflər danışıqlar zamanı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər.
Tərəflər həm də Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini fəallaşdırmağı qərara alıblar.
İlk baxışda hər şey qaydasında və normaldır. Amma...
Təəssüf ki, Azərbaycanın bəzi tanınmış saytları həmin görüşdə əldə olunan bu son qərarla bağlı hissəni maraqla onlardan xəbər gözləyən oxuculara tərcümədə çox ciddi siyasi yanlışlığa yol verərək çatdırıblar.
Diqqət yetirin, həmin hissə haqqnıda söhbət açdığımız saytların aşağıda təqdim etdiyimiz rus versiyasında bu cürdür: “Согласно документу, стороны решили активизировать деятельность Трехсторонней рабочей группы по разблокированию всех экономических связей и транспортных коммуникаций на Южном Кавказе под совместным председательством вице-премьеров Азербайджана, Армении и России”.
Azərbaycan versiyasında isə (onları da təqdim edirik) cümlə bu cür gedib: “Tərəflər Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının qarşısının alınması üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini aktivləşdirməyi qərara alıblar”.
Fərqi gördünüz? Yəni Azərbaycan dilində olan hissədən belə çıxır ki, üç ölkənin baş nazirləri müavinlərinin birgə sədrliyi ilə Üçtərəfli İşçi Qrup Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının qarşısının alınması üzrə fəaliyyət göstərir!
...Bu cür səhv adi xəbərdə olsaydı və yalnız bir saytda getsəydi, bəlkə də məsələni qabartmazdıq. Amma hamının gözlədiyi bir xəbərdə, özü də bir neçə tanınmış saytda (əslində xəbərin bu cür yayıldığı saytların sayı daha çoxdur, biz sadəcə ən məşhurlarını seçdik) getməsinə seyrçi qalmaq olmur. Olmaz da!
Senzor.az


















