Azərbaycan və Qazaxıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
YENİLƏNİB

Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü olub.


Senzor.az xəbər verir ki, görüşdə çıxış edən Prezident Kasım-Jomart Tokayev dedi:


- Bizdə qəbul edildiyi kimi desək, “Xoş gəldiz”.


Prezident İlham Əliyev: Sağ olun.


Prezident Kasım-Jomart Tokayev: Sizi rəsmi səfərində görməyimizə şadıq. Mənim dəvətimi qəbul etdiyinizə görə minnətdarlığımı bildirmək istərdim. Keçən ilin avqust ayında mən Bakıya səfər etdim. Bu səfər olduqca səmərəli keçdi və ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verdi. İndi, necə deyərlər, saatları tutuşdurmaq, prezidentlərin tapşırıqlarının iki ölkənin hökumətləri tərəfindən necə icra edilməsini yoxlamaq zərurəti yaranıb.


Qeyd etmək istərdim ki, Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir, çox yaxın dövlətdir. Biz öz tərəfimizdən ticari-iqtisadi, investisiya sahələrində və əlbəttə, siyasi arenada istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət üçün hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdən ötrü nə mümkündürsə edirik. Çox iş görülüb. Fikrimcə, geniş tərkibdə görüşdə bu barədə danışacağıq. Bundan əlavə, müvafiq nazirlərin məruzələrini dinləyəcəyik, onlar görülmüş işlər barədə hesabat verməlidirlər, əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair planlar cızacağıq.


Biz Sizin səfərinizə hazırlamışıq. Yəqin ki, eşitmisiniz, Qazaxıstan Teleradio Korporasiyası mənim tapşırığıma əsasən görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi sənədli film hazırlayıb. Bu axşam onu qazax və rus dillərində göstərəcəklər.


Qazaxıstanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş markanın buraxıldığını bildirən Kasım-Jomart Tokayev Ulu Öndərin ölkələrimiz arasında əməkdaşlığın qurulması və inkişafındakı böyük tarixi rolunun xatırlandığını qeyd etdi. Qazaxıstan Prezidenti dövlət başçılarının birlikdə Astananın nüfuzlu rayonunda Ümummilli Lider Heydər Əliyevin adını daşıyan küçənin açılışını edəcəklərini bildirdi.


Prezident Kasım-Jomart Tokayev: Əlbəttə, biz Cənubi Qafqaz regionunda lider rolu oynayan Azərbaycan ilə iqtisadi sahədə qarşılıqlı əlaqələrin, əməkdaşlığın inkişaf etdirilməsinə dair çox ciddi iş aparmaq əzmindəyik. Bizim aramızda hər hansı problem yoxdur. Yalnız məhz bu istiqamətdə irəli getmək arzusu var. Sizə Təşəkkür edirəm.


X X X


Prezident İlham Əliyev dedi:


-Hörmətli Kasım-Jomart Kemeliviç, ilk növbədə, dəvətə və qonaqpərvərliyə görə sağ olun.


Heydər Əliyevin xatirəsinə hörmətinizə görə bəri başdan öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim. Sizin tapşırığınıza əsasən Qazaxıstanda həm Heydər Əliyevin xatirəsinə, həm də Azərbaycan xalqına öz münasibətinizi bildirmək üçün görülən işləri qeyd etdiniz. Paytaxtınızın mərkəzi küçələrindən birinə Heydər Əliyevin adının veriləcəyinə görə, eləcə də filmə görə təşəkkür edirəm. Ümumiyyətlə, biz həmişə bütün Qazaxıstan xalqının ölkəmizə xeyirxah münasibətini hiss etmişik, yəqin ki, Siz də Azərbaycana rəsmi səfəriniz çərçivəsində bunu hiss etmisiniz. Bizim rəsmi səfərlər çərçivəsində belə tez-tez görüşməyimiz həm münasibətlərimizin xarakterinə, həm də ona dəlalət edir ki, daim əlaqə saxlamağımız zəruridir. Ona görə ki, biz müxtəlif beynəlxalq məkanlarda müntəzəm görüşürük, lakin ikitərəfli format ən səmərəli formatdır.


Sizin səfərinizdən bir ildən az vaxt keçib, lakin həm tapşırıqlarımızın icrasına nəzarət, həm də qarşılıqlı fəaliyyəti gücləndirmək üçün yeni addımlar atılması baxımından gündəliyə nəzər salmaq zəruridir. Siz qeyd etdiyiniz kimi, ölkələrimiz bir-birinə səmimi, qardaşcasına münasibət bəsləyirlər. Bu, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı zəmindir. Əməkdaşlığın istiqamətlərinə gəldikdə isə, onların sadalanması yəqin ki, çox vaxt tələb edərdi, çünki bu istiqamətlər praktiki olaraq həyatımızın bütün sahələrini əhatə edir. Lakin, əlbəttə, indiki şəraitdə təbii ki, ticari-iqtisadi, investisiya layihələri, nəqliyyat-logistika infrastrukturu və ölkələrimizin bu istiqamətlərdə səylərinin birləşdirilməsi ilə bağlı layihələr prioritet əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, mənimlə birlikdə çox nüfuzlu nümayəndə heyəti, çoxlu nazir, dövlət strukturlarının rəhbərləri gəliblər. Əminəm ki, qardaş Qazaxıstan torpağında olan nümayəndə heyətinin üzvləri də fəallıq göstərəcək, biz yaxşı nəticələrə nail olacağıq və görülmüş işlərə yekun vurmaq üçün növbəti həddi müəyyən edəcəyik. Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.


Prezident Kasım-Jomart Tokayev: Mən əlavə etmək istərdim ki, Qazaxıstan statistikasına görə təkcə keçən il ərzində ölkələrimiz arasında ticarətin həcmi 40 faiz artaraq yarım milyard dolları ötüb.


x x x


Görüş əsnasında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsində 40 faiz artımın olması müsbət addım kimi qeyd edildi. Dövlət başçıları ölkələrimiz arasında ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması üçün imkanların olduğunu vurğuladılar.


Eyni zamanda, görüşdə Qazaxıstan neftinin Azərbaycan ərazisindən ixracı, nəqliyyat-logistika imkanlarının daha da artırılması, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, həmçinin birgə investisiya layihələri məsələləri müzakirə olundu, Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin çəkilməsi istiqamətində də sürətli inkişafın olduğu qeyd edildi. Həmçinin dövlətlərimizin ikitərəfli siyasi dialoqunun yüksək səviyyədə olduğu, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi vurğulandı.


Söhbət zamanı regional məsələlər haqqında da fikir mübadiləsi aparıldı.


Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində atdığı addımlar barədə məlumat verdi.


Görüşdə Azərbaycanın nəqliyyat imkanlarının daha da genişləndirilməsi, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Bakı Limanının imkanlarının artırılması istiqamətində səyləri barədə də məlumat verildi.


Prezident Kasım-Jomart Tokayev Qazaxıstanın nəqliyyat imkanlarının artırılması haqqında məlumat verdi.


Söhbət zamanı iki ölkənin nəqliyyat infrastrukturunun sinxronlaşdırılması, yüklərin daha sərbəst və sürətli keçidinin təmin edilməsinin önəmi qeyd olundu.

**14:00

Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü olub.


Senzor.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

**13:37

Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü başlayıb.


Senzor.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.