Bakıda binada partlayış olub, xəsarət alan var.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, hadisə bu gün səhər saatlarında Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada baş verib.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 40kv.m olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış dalğasının zərbəsindən otağın pəncərə çərçivəsi yerindən çıxıb, şüşələri qırılıb. Hadisə nəticəsində mənzildə olan bir nəfər vətəndaş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Nazirliyin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.