Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək.
Senzor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncama imzalayıb.
Sərəncama əsasən, Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək.
Nazirlər Kabinetinə pilot layihənin icrası ilə əlaqədar “Suyun alqı-satqı müqaviləsi”nin və digər razılaşmaların imzalanması üçün zəruri tədbirlər görmək, Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə layihənin icrası ilə əlaqədar zəruri tədbirlər görülməsini təmin etmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq, istehsal edilən içməli suyun Bakı şəhərinə və ətraf ərazilərə nəqli ilə əlaqədar infrastruktur işlərinin görülməsi və sudan səmərəli istifadənin təmin edilməsi üçün tələb olunan vəsaitin Dövlət İnvestisiya Proqramında nəzərə alınmasına dair təkliflərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etmək tapşırılıb.