Aprelin 15-də şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq üçün müraciət edən namizədlər üçün test imtahanı keçiriləcək.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, bu barədə namizədlərin əlaqə nömrələrinə mesaj göndərilib.
Test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim ediləcək.
Qeyd edək ki, şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul üzrə sənəd qəbulu prosesində 1500-dən çox namizəd iştirak edib.
Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul isə müsabiqə (test və müsahibə) yolu ilə yerli təhsili idarəetmə orqanları tərəfindən həyata keçirilir.