Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) publik hüquqi şəxsi 2022-ci ilin yekunlarına dair maliyyə nəticələrini açıqlayıb.
“Azərkosmos”dan Senzor.az-a bildirilib ki, maliyyə nəticələrini əks etdirən hesabata əsasən qurum 2022-ci ili mənfəətlə başa vurub. Agentliyin ümumi mənfəəti 4,4 milyon manat, xalis mənfəəti isə 1,4 milyon manat olub.
Ümumilikdə, “Azərkosmos”un gəlirlərinin əsas hissəsi peyk xidmətlərinin ixracından formalaşır. “Azərkosmos” dövlət və qeyri-dövlət ixracatçı subyektləri arasında xidmət sektorunda ixrac həcminə görə ən yüksək nəticə ilə ilk sıralardadır. 2022-ci ildə agentliyin “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri üzrə ixrac portfelini əsasən Böyük Britaniya, Fransa, Lüksemburq, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan kimi ölkələrin qabaqcıl şirkətləri təşkil edib. Bu isə, öz növbəsində, bir tərəfdən “Azərkosmos”un likvidliyinin güclənməsi, digər tərəfdən isə ölkəyə stabil xarici valyuta axını deməkdir.
Həmçinin “Azərkosmos”un likvidlik əmsalı 2021-ci ilə nisbətdə 2022-ci ildə artaraq 1,14 (2021-ci il üzrə likvidlik əmsalı: 0.29 ) olub. Agentlik 2022-ci il ərzində qısamüddətli maliyyə öhdəliklərini yerinə yetirəbilmə qabiliyyətinin səmərəli istifadəsinə nail olub.
Keçən maliyyə ili ərzində Azərkosmos üçün ən vacib məqamlardan biri də agentliyin “BNP Paribas” bankı qarşısında olan kredit öhdəliklərinin yekunlaşmasıdır. Belə ki, “Azerspace-1” peykinin istehsalı üçün ABŞ-ın “Orbital Sciences” korporasiyasına ödənişlərin maliyyələşdirilməsi məqsədilə ABŞ-ın İxrac-İdxal Bankı ilə əməkdaşlıq edilərək 2011-ci ildə kredit sazişi imzalanıb və ümumi məbləği 116,6 milyon ABŞ dolları olan kredit əldə edilib. 2013-2022-ci illər ərzində kredit ödənişləri heç bir gecikmə olmadan vaxtlı-vaxtında icra edilib. Kredit borcu üzrə son ödəniş 2022-ci ilin dekabr ayında həyata keçirilib və kredit sazişi üzrə öhdəliklər tamamilə bağlanıb.
“Azərkosmos”un ümumi öhdəlikləri 2022-ci ilin sonunda 2021-ci ilə nisbətdə 159,7 milyon manat və ya 30 faiz azalaraq 362,1 milyon manata düşüb. “Azərkosmos”un öhdəlikləri əsasən peyk layihələri ilə bağlı götürülmüş kreditlərdir. Bu kreditlər peyk xidmətlərindən əldə edilən gəlirlər hesabına vaxtlı-vaxtında geri ödənilir.
Qeyd edək ki, “Azərkosmos”un 2022-ci ilin yekunları üzrə dərc olunmuş maliyyə hesabatları “Baker Tilly Audit Azərbaycan” QSC audit şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən müstəqil auditor rəyi alıb.