“Formula 1” yarışlarının keçiriləcəyi günlərdə zərurət yarandığı hallarda tibbi xidmətlərin operativ şəkildə təşkili məqsədilə 10 məntəqədə çalışmaq üçün 10 həkim və 10 tibb bacısı təhkim olunub. TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin 20 nəfər əməkdaşı da “Formula 1” yarışları boyunca xidmət göstərəcək.
Bu barədə Senzor.az-a TƏBİB-dən məlumat verilib.
Stasionar müalicənin tələb olunduğu halların yarana biləcəyi ehtimalı nəzərə alınaraq Mərkəzi Neftçilər Xəstəxanasında 1 şöbə (5 palata) ayrılaraq bütün lazımi avadanlıqlarla təchiz olunub, Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzi hazır vəziyyətə gətirilib.
“Formula 1” üçün yaradılmış səyyar hospital üçün tələb olunan dərman, tibbi ləvazimatlar və avadanlıqlar TƏBİB tərəfindən təchiz olunub.
Yarış xətti boyunca iştirakçılara, “Formula 1” çərçivəsində xidmət göstərən şəxslərə, eləcə də tamaşaçılara təcili və təxirəsalınmaz tibbi xidmətin tələb olunduğu hallarda, eyni zamanda yarışlar səbəbi ilə giriş-çıxışı məhdudlaşdırılmış ərazidə yaşayan əhali üçün Təcili və Təxirəsalınmaz Tibbi Yardım postları qurulub. İdmançılar üçün trekdə 12, tamaşaçılar üçün 8 tibbi briqada daimi şəkildə fəaliyyət göstərəcək.
Qeyd edək ki, TƏBİB 4 ildir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə “Formula 1” Azərbaycan Qran-Prisi çərçivəsində uğurlu əməkdaşlıq edir.