Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov son zamanlarda baş vermiş mina hadisələrinə münasibət bildirib.
Senzor.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında vətəndaşları bir daha diqqətli olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
"Təəssüflər olsun ki, mina hadisələri davam edir. Son 1 həftə ərzində ard-arda bir neçə mina hadisəsi baş verib. Bizim keçirdiyimiz maarifləndirmə tədbirlərinə, xəbərdarlıqlara, ərazilərdə yerləşdirilmiş təhlükə nişanlarına baxmayaraq, həmin ərazilərə daxil olurlar. Fürsətdən istifadə edib bir daha vətəndaşlarımıza diqqətli olmaları ilə əlaqədar çağırış edirəm. Xahiş edirəm ki, qoyulan qaydalara riayət etsinlər, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkinsinlər".