Mərkəzi Bank uçot dərəcəsini artırıb

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 9%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 7.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 10%-ə qaldırılıb.


Mərkəzi Bankdan Senzor.az-a verilən məlumata görə, bu qərar daxili və xarici mühitdə inflyasiya proseslərinə təsir göstərən amillərin dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla verilib.


İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi azalmışdır. Mart ayında illik inflyasiya 13.6% təşkil etmişdir ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 2 faiz bəndi aşağıdır. Qlobal iqtisadi aktivliyin azalmasının, əksər ölkələrdə pul siyasətinin sərtləşdirilməsinin və dünya əmtəə qiymətlərində aşağı düşmə meylinin təsiri ilə əsas ticarət tərəfdaşlarında faktiki inflyasiya nisbətən səngimişdir. Dünya Bankının əmtəə bazarları haqqında aprel hesabatına əsasən martda aylıq əsasda enerji qiymətləri 6.3%, qeyri-enerji qiymətləri 2.2% azalmışdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə dünya ərzaq qiymətləri indeksi 2023-cü ilin martında aylıq 2.1% azalmışdır. Tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin əlverişli qalması və qeyri neft-qaz ixracının artımı cari əməliyyatlar hesabının ilin sonuna da profisitli olacağını gözləməyə əsas verir. Bu özünü valyuta bazarında da göstərir. Belə ki, 2023-cü ilin 4 ayında valyuta hərraclarının 97%-də təklif tələbi üstələmişdir. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici amillərinə azaldıcı təsir edir. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8.4%, 2023-cü ilin 4 ayında 4.8% möhkəmlənmişdir. Bununla bərabər, monetar şəraitə dair qəbul edilmiş qərarlar da inflyasiyanın tələb amillərini məhdudlaşdırır.


Qlobal və milli iqtisadiyyatda inflyasiya amillərilə bağlı yüksək qeyri-müəyyənliklər qalır. Faktiki inflyasiya səviyyəsi azalmaya meyil etsə də mart ayında inflyasiya hədəfinin yuxarı həddini 2 dəfədən çox üstələmişdir. İnflyasiyanın əsas struktur komponenti olan ərzaq məhsullarının inflyasiyası 16.8% olmaqla yüksək olaraq qalır. Qeyri-ərzaq malları və xidmətlər üzrə qiymət artımı müvafiq olaraq illik əsasda 11.6% və 10.8% təşkil edir. İstehsalçı qiymətləri və idxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır. Belə ki, mart ayında illik artım kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi üzrə 12.7% olub. Cari ilin fevral ayında illik idxal qiymətlərinin artımı 20.4% təşkil etmişdir. Əhalinin gəlirlərinin artdığı və stimullaşdırıcı fiskal siyasətin davam etdiyi şəraitdə məcmu tələb genişlənməkdədir. 2023-cü ilin 3 ayında əhalinin nominal gəlirləri 15.2% artmışdır. İnflyasiyanın xarici mühiti çox dəyişkən olaraq qalır. Beynəlxalq Valyuta Fondunun aprel proqnozuna görə qlobal inflyasiya 0.4% bəndi artırılaraq 7% səviyyəsində müəyyən edilmişdir. Nüfuzlu ekspertlərin fikrinə görə mövcud risklərin qaldığı şəraitdə baza inflyasiya ancaq 2025-ci ildə hədəfə qayıda bilər. Qlobal maliyyə sisteminin sabitliyi ilə bağlı risklərin artması da müxtəlif kanallarla inflyasiya proseslərinə təsir edə bilər. Qeyd olunan amillər proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə şərait yaradır. Qeyd edək ki, baza ssenari üzrə fərziyyələrə görə 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozu dəyişməz qalır.


İnflyasiyanın daxili və xarici risklərini nəzərə alaraq Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini davam etdirir. Faiz dəhlizinin parametrlərinə dair qəbul edilən qərarların təsiri ilə banklararası təminatsız pul bazarında orta faiz dərəcəsi ilin əvvəlindən bəri 1.2 faiz bəndi qalxmışdır. Ötən ildən başlayaraq monetar şəraitin sərtləşdirilməsi üzrə qəbul olunmuş qərarlar, yeni konfiqurasiyada pul siyasəti alətlərinin adekvat tətbiqi, məcburi ehtiyatlar üzrə normaların qaldırılması və müvafiq makro-prudensial tələblərin tətbiqi pul-kredit göstəricilərinə təsir edir. Pul siyasətinin inflyasiyaya təsirlərini gücləndirmək istiqamətində islahatlar davam etdirilir. Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərraclarda rəqabəti artırmaqla müxtəlif müddətlər üzrə gəlirlik əyrisinin formalaşmasına şərait yaratmaq, qısamüddətli pul bazarında aktivliyi dəstəkləmək üçün notlar üzrə investor bazası genişləndirilmiş, notların yerləşdirilməsi şərtlərinə dəyişikliklər edilmişdir. Qərara alınmışdır ki, banklarla yanaşı qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də (maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə) müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ əldə etsinlər. Qısamüddətli notların həcminin genişləndirilməsi investorların sayını artırmaqla qiymətli kağızlar bazarında aktivliyə müsbət təsir göstərəcəkdir.


Mərkəzi Bank pul siyasəti ilə bağlı növbəti qərarlarını faktiki və gözlənilən inflyasiyanın dinamikasının hədəfdən yayınma səviyyəsi, daxili və xarici inflyasiya risklərini nəzərə almaqla qəbul edəcəkdir. İnflyasiya mühitindəki risklərə reaksiya olaraq Mərkəzi Bank monetar şərait vasitəsilə inflyasiyanı bundan sonra da məhdudlaşdırmağa çalışacaqdır. İnflyasiyanı artıran faktorlar bundan sonra da sıx monitorinq ediləcəkdir.


İllik inflyasiya göstəriciləri və proqnozlarının davamlı olaraq azalması halında əvvəlcə pul siyasətinin sərtləşdirilməsi üzrə pauza götürüləcək, sonra isə onun normallaşdırılması, yəni azaldılması imkanları nəzərdən keçiriləcəkdir.


Bu qərar 4 may 2023-cü il tarixindən qüvvəyə minir. Pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il iyun ayının 21-də açıqlanacaqdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.