Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonunun Mahruzlu kəndinin təməlinin qoyulması mərasimində iştirak edib.
Senzor.az xəbər verir ki, dövlətimizin başçısına kəndin layihəsi barədə məlumat verildi.
Qeyd olundu ki, kənd Qubadlı rayonunun mərkəzindən 19 kilometr məsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Gələcəkdə bu kənddə 2700-dən çox sakinin, başqa sözlə, 690 ailənin yaşaması planlaşdırılıb. Mahruzlu kənd inzibati ərazi dairəsində yerləşən Alaqurşaq və Muğanlı kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib. Birinci fazada kənddə 145 evin tikilməsi və 649 nəfərin məskunlaşdırılması planlaşdırılır. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, sənətkarlıq emalatxanası, tibb məntəqəsi, mərasim zalı, çayxana da yaradılacaq.
Diqqətə çatdırıldı ki, kənddə əhalinin məşğulluğu üçün hər cür şərait təmin ediləcək.
Sonra kəndin inkişaf planı barədə videoçarx nümayiş olundu.
Prezident İlham Əliyev Mahruzlu kəndinin təməlini qoydu.
**18:16
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonunun Zilanlı kəndinin təməlinin qoyulması mərasimində iştirak edib.
Senzor.az xəbər verir ki, dövlətimizin başçısına kənddə görüləcək işlərlə bağlı məlumat verildi.
Diqqətə çatdırıldı ki, kənd Qubadlı rayonunun mərkəzindən 20 kilometr məsafədə, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşir. Zilanlı Zəngilan rayonunun Ağalı kəndi ilə qonşudur. Kəndin layihələndirilən ümumi ərazisi 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. Gələcəkdə bu kənddə 2520 nəfərin (630 ailə) yaşaması planlaşdırılıb. Zilanlı kənd inzibati ərazi dairəsində yerləşən Kürd Mahmudlu və Seləli kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib.
Kənddə məktəb binası, uşaq bağçası, ailə sağlamlıq mərkəzi, inzibati bina, klub icma və idman mərkəzləri yaradılacaq. Ümumiyyətlə, bu yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq.
Dövlətimizin başçısı kəndin inkişaf planı barədə videoçarxa baxdı.
Sonra Prezident İlham Əliyev Zilanlı kəndinin təməlini qoydu.
**
Mayın 4-də Qubadlı rayonunun Xanlıq kəndinin təməli qoyulub
Senzor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.
Bildirildi ki, kənd Qubadlı rayonunun mərkəzindən 16 kilometr məsafədə, Həkəri çayının sahilində yerləşir. Yaşayış məntəqəsinin layihələndirilən ərazisi elə Xanlıq kəndinin köhnə ərazisini əhatə edir və ümumi sahəsi 273 hektardan çoxdur.
Qeyd edildi ki, birinci mərhələdə kəndə 1357 nəfərin köçürülməsi üçün 356 fərdi evin tikintisi nəzərdə tutulur. İnşa ediləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. Perspektivdə Xanlıq kəndində 4 mindən çox sakinin (1024 ailə) məskunlaşdırılması planlaşdırılıb.
Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Həmçinin inzibati bina, məktəb, uşaq bağçası, ailə sağlamlıq, klub icma və idman sağlamlıq mərkəzləri fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev Xanlıq kəndinin təməlini qoydu.
**
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının təməlinin qoyulması mərasimində iştirak edib.
Senzor.az xəbər verir ki, dövlətimizin başçısına xəstəxana binasının layihəsi barədə məlumat verildi.
Bildirildi ki, 4,5 hektardan çox ərazidə inşa olunacaq bu tibb müəssisəsi inzibati binadan, stasionar və ambulator xidmət hissələrindən ibarət olacaq. Stasionar xidmət hissəsində qəbul, terapiya, cərrahiyyə, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək. Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından ibarət olacaq.
Müalicə ocağı ən müasir tələblərə cavab verən tibbi avadanlıq, o cümlədən kompüter tomoqrafiya, maqnit-rezonans tomoqrafiya, angioqrafiya və digər cihazlarla təchiz ediləcək.
Prezident İlham Əliyev xəstəxana binasının təməlini qoydu.
**18:10
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı şəhərində tikiləcək inzibati binanın təməlinin qoyulması mərasimində iştirak edib.
Senzor.az xəbər verir ki, dövlətimizin başçısına layihə barədə məlumat verildi.
Bildirildi ki, inzibati bina şəhərin giriş hissəsində, Baş plana əsasən işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək. Binanın konsepsiyasının hazırlanması zamanı milli memarlıq elementləri, yaşıl fasad və dam həlləri, həmçinin günəş panellərinin inteqrasiyası nəzərə alınıb. Üçmərtəbəli binada avtomobillər üçün yeraltı parklanma nəzərdə tutulub. Binanın daxili planlaşdırılması müxtəlif mərtəbələrin vizual şəkildə əlaqələnməsini təmin edir. Bu yanaşma dinamik və müasir tələblərə cavab verən işgüzar mühitin formalaşmasına şərait yaradacaq.
Binanın birinci mərtəbəsi müxtəlif tipli iclas və təlim otaqları, həmçinin çoxfunksiyalı xidmət sahələri üçün nəzərdə tutulub. Burada, həmçinin bir sıra dövlət və hökumət qurumlarının yerli idarə, şöbə və bölmələri fəaliyyət göstərəcək. İkinci və üçüncü mərtəbələrdə isə müxtəlif kateqoriyalara uyğun iş sahələrinin yaradılması planlaşdırılıb.
İnzibati binanın inşasında metal konstruksiyalardan istifadə olunacaq. Fasad həlli və yastı dam günəş panellərinin quraşdırılması, həmçinin yaşıl elementlərin orqanik şəkildə inteqrasiya olunmasına imkan verəcək.
Prezident İlham Əliyev inzibati binanın təməlini qoydu.
**17:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəb binasının təməlinin qoyulması mərasimində iştirak edib.
Senzor.az xəbər verir ki, dövlətimizin başçısına məktəb binası ilə bağlı məlumat verildi.
Bildirildi ki, məktəb Qubadlı şəhəri, Dondarlı kəndi və ona bitişik açıq ərazidə inşa olunacaq. Təhsil ocağı və ona məxsus açıq ərazilər yaşayış sahələri ilə əhatə olunacaq. Məktəbin həyətyanı ərazisindəki idman qurğularından və oyun meydançalarından axşamlar və həftə sonları ictimaiyyət nümayəndələri də istifadə edə biləcəklər.
Qeyd edildi ki, məktəb binası modul tipli sinif otaqlarından istifadə olunmaqla layihələndirilib. Təbii işıqla işıqlandırılmış daxili məkanlar məktəbin enerji tələbatını minimuma endirəcək. Binanın strukturu uyğunlaşan sistemdir və şəhərin böyüməsi ilə bağlı şagird sayı artdıqca genişləndirilə bilər.
Dövlətimizin başçısı məktəb binasının təməlini qoydu.
**17:37
Prezident İlham Əliyev mayın 4-də Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak edib.
Senzor.az xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına yaşayış məhəlləsi barədə məlumat verdi.
Bildirildi ki, ümumi sahəsi 2,6 hektara yaxın olan yaşayış məhəlləsinin yerləşdiyi ərazi çay və dağ mənzərəsi ilə əhatə olunub. Məhəllə şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə binaların üçmərtəbəli və dördmərtəbəli olması planlaşdırılır. Ümumilikdə məhəllədə 156 mənzilin tikintisi nəzərdə tutulur. Mənzillərdən 48-nin ikiotaqlı, 68-nin üçotaqlı, 20-sinin dördotaqlı və 20-sinin isə beşotaqlı olması planlaşdırılır. Binaların inşasında müasir memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq.
Məhəllədə idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması, geniş yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur. Bütün binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə olunacaq.
Dövlətimizin başçısı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlini qoydu.
**11:21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Laçın və Qubadlı rayonlarına səfər edib.
Senzor.az xəbər verir ki, dövlətimizin başçısı Laçın rayonunda Güləbird kənd yaşayış məntəqəsinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməllərini qoyub.