Mayın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.