Laçın rayonunda Şərqi Qafqaz turları və şahin quşları təbiətə, müxtəlif növ balıqlar Həkəri çayına buraxılıb
YENİLƏNİB, FOTO

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Laçın rayonunun ərazisində Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində iştirak edib.


Senzor.az xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.


Əvvəlcə Prezident İlham Əliyevin iştirakı ilə ölkə ərazisində reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində rayonun ərazisinə boyunlarına xüsusi siqnalötürücü xaltalar bağlanmış Şərqi Qafqaz turları və şahin quşları təbiətə buraxıldı.

Məlumat verildi ki, Şərqi Qafqaz turları ölkəmizdə Böyük Qafqazın Cənub və Şərq yamaclarında daha geniş yayılıb. Əsasən dəniz səviyyəsindən 1000-3000 metr hündürlükdə yaşayan bu heyvanların sayı ölkəmizdə 7-8 min başdır. Şərqi Qafqaz turlarının fəallığı mövsümdən və yem bazasından asılı olaraq dəyişir. Vaxtilə bu heyvanlar Kiçik Qafqaz dağlarında yaşasalar da, sonradan həmin ərazidə nəsli tükənib.


Həmçinin qeyd olundu ki, adı “Qırmızı kitab”a düşən şahin quşları Qətərdən Azərbaycana gətirilib. Bundan əvvəl də 200-dək şahin quşu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qətər Dövlətinin Proqramı çərçivəsində ölkəmizin bioloji müxtəlifliyinin inkişafına dəstək məqsədilə Xızı, Siyəzən və Şabran rayonları ərazisində vəhşi təbiətə buraxılıb.


Dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu.


Bildirildi ki, Laçın rayonu işğaldan azad olunduqdan sonra 2022-ci il sentyabrın 5-8-də rayon ərazisində monitorinq aparılıb. Monitorinq zamanı Laçın şəhəri ərazisində 10 müxtəlif yerdə ümumilikdə 13 hektar yaşıllıq sahəsinin, Laçın yolu adlandırılan ərazidə isə 448,8 hektar meşə sahəsinin yandırılması faktı müəyyən edilib. Yaşıllıq sahəsinin yandırılması nəticəsində müxtəlif növ 7135 ağacın, sıx örtülü meşə sahəsinin məhv edildiyi aşkarlanıb.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində də iştirak etdi.


Dövlətimizin başçısına nadir və həssas növlərin artırılması və populyasiyalarının bərpası istiqamətində otuz ildən sonra ilk dəfə Qarabağda və Şərqi Zəngəzurda fauna və flora növlərinin tədqiqi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Qırmızı kitab”ın üçüncü nəşri ilə bağlı görülmüş işlər və perspektivlər barədə məlumat verildi.


Qeyd olundu ki, işğaldan azad edilmiş ərazilərdə ötən dövrdə fauna növlərindən 33 baş ceyran öz tarixi areallarına qaytarılıb. Otuz ilə yaxın işğal dövründə ekoloji tarazlığın pozulması, regiona xas növlərin yaşama yerlərinin fraqmentləşməsi kimi mənfi halların aradan qaldırılması üçün təbii bərpa prosesinə dəstək tədbirləri davam etdiriləcək.

Bildirildi ki, işğal dövründə tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi yenidən qurularaq modernləşdirilib. Ərazidən axan əsas çaylar üzərində 11 avtomat hidroloji, Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında 5 avtomat meteoroloji, Zəngilan rayonundakı “Ağıllı kənd” ərazisində avtomat aqrometeoroloji, həmçinin transsərhəd ərazilərdə radiasiya fonunun nəzarətdə saxlanılması məqsədilə avtomat radioekoloji stansiyalar quraşdırılıb.


Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə formalaşan bərk məişət tullantılarının idarə olunması istiqamətində görülən işlər barədə də məlumat verildi. Bu ərazilərdə tullantıların müasir standartlara uyğun idarə olunması üçün xüsusi təyinatlı texnika və avadanlıqların alındığı və Regional Strategiyanın hazırlandığı diqqətə çatdırıldı.


x x x


Sonra Prezident İlham Əliyev istirahət üçün nəzərdə tutulan kottec tipli evlərin inşası ilə tanış oldu.

**17:30

Mayın 28-də Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub.


Senzor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.


Dövlətimizin başçısına yaşayış məhəlləsi barədə məlumat verildi.


Bildirildi ki, layihələndirilən yaşayış məhəlləsi Laçın şəhərinin cənub-qərb hissəsində 16,3 hektar ərazidə planlaşdırılıb. Ərazidə müasir tipli yaşayış binaları və şəhər sakinlərinə xidmət göstərəcək idman kompleksinin inşası nəzərdə tutulub. Təklif layihəsində binaların memarlıq kompozisiya həlli və yerləşməsi ərazinin relyefi, demoqrafik tələbləri, sosial, məişət və sanitar xüsusiyyətləri nəzərə alınaraq hazırlanıb.


Diqqətə çatdırıldı ki, yaşayış binaları üzrə ümumi sayı 462 olmaqla birotaqlı 45, ikiotaqlı 126, üçotaqlı 180 və dördotaqlı 108 mənzil nəzərdə tutulub. Məhəllədə 1630 nəfərin yaşaması planlaşdırılıb.

Məlumat verildi ki, ərazidəki idman sağlamlıq mərkəzində müxtəlif idman növləri üzrə və üzgüçülük hovuzu ilə birlikdə iaşə obyektləri, inzibati və digər köməkçi sahələr yaradılacaq.


Eyni zamanda, yaşayış məhəlləsində ticarət obyekti, açıq idman meydançası, uşaq əyləncə və istirahət sahələrinin yaradılması nəzərdə tutulur.


Dövlətimizin başçısı yaşayış məhəlləsinin təməlini qoydu.


X X X


Prezident İlham Əliyev, həmçinin son tamamlanma işləri aparılan idman kompleksi ilə tanış oldu.


Qeyd edək ki, ölkəmizin hər bir guşəsində yaradılan, ən müasir avadanlıqla təchiz edilən bu cür idman infrastrukturu gənclərin idmanın müxtəlif növlərinə marağını artırmaqla yanaşı, əhalinin sağlam həyat tərzi keçirməsinə də hərtərəfli töhfə verir.

**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib.


Azərbaycanın otuzillik erməni işğalından azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində əzəli yurd yerlərimiz vandalizmə məruz qalıb, tarixi-mədəni mirasımız yerlə-yeksan edilib. Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş rayon və şəhərlərdə İşğal və Zəfər muzeyləri kompleksləri yaradılır. Belə muzey komplekslərindən biri də Laçında yaradılır.


Senzor.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına kompleksdə görüləcək işlər barədə məlumat verdi.


Bildirildi ki, Laçın rayonunda qurulacaq kompleks İşğal və Zəfər muzeylərindən, dağıntıların nümayiş etdiriləcəyi memorial parkdan ibarət olacaq. Kompleksin loqosu əsrarəngiz gözəlliyə və təbii zənginliklərə malik Laçın rayonu ərazisində geniş yayılmış ardıc ağaclarını simvolizə edir.

Ümumi sahəsi 3,5 hektar olacaq kompleks üçün seçilmiş ərazi yamacda yerləşir. Buradan Laçın şəhərinə, ətrafdakı dağlara gözəl mənzərə açılır. Kompleks əsas yol şəbəkəsinə və şəhərin mərkəzinə yaxın məsafədə yerləşir.


Muzeyin binası əzəmətli və estetik gözəlliyi ilə fərqlənən memarlıq quruluşuna malikdir. Belə ki, binanın təpənin yamacına doğru uzanması sabitlik və dayanıqlılığı ifadə edir. Rəmzi olaraq binanın quruluşu torpaqdan güc alaraq səmaya doğru yüksəlişi təcəssüm etdirir. Binanın qismən yerin alt hissəsinə keçən maili forması sayəsində muzeyin ümumi daxili sahəsi 2400 kvadratmetr təşkil edir.


Muzeyin interyeri hər tərəfdən rahat giriş imkanı yaratmaq və ətrafdakı parkla inteqrasiyanı təmin etmək üçün xüsusi formada dizayn olunub. Ərazinin relyefi ilə ahəng yaradan tikilinin dam hissəsində həm binanın daxilindən lift vasitəsilə, həm də Memorial Parkdan keçid imkanı olan iki panoramlı terras yerləşəcək.


Beş mərtəbədən ibarət olacaq muzeyin birinci mərtəbəsində bilet satış mərkəzinin yerləşdiyi geniş foyenin və inzibati otaqların yaradılması nəzərdə tutulur. İkinci mərtəbədə İşğal Muzeyi, üçüncü mərtəbədə kafe, dördüncü mərtəbədə isə Zəfər Muzeyi yaradılacaq. Sonuncu – beşinci mərtəbədə istirahət zalı və kitab mağazasından ibarət olan və yuxarı hissədən binaya girişi təmin edən foye yerləşəcək.


İşğal və Zəfər muzeylərinin yerləşdiyi mərtəbələrdə muzeylərin tematikasını əks etdirən bədii instalyasiyalar nümayiş olunacaq, zallarda isə müxtəlif məzmunlu sərgilər təşkil ediləcək.


Kompleksin ərazisində şəhərin dağıdılmış bir çox tarixi və mədəni abidələrinin qalıqlarının nümayiş etdiriləcəyi Memorial Park salınacaq. Memorial Parka daxil olan dağıntılar bədii instalyasiyalarla zənginləşdirilərək açıq səma altında muzeyə çevriləcək.


Dövlətimizin başçısı Laçın İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoydu.


Qeyd edək ki, muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən və Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.

**16:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində “1 Dekabr” adı verilmiş küçədə lövhənin açılışını edib.


Senzor.az xəbər verir ki, dövlətimizin başçısına küçədə görüləcək işlər və yaradılacaq şərait barədə məlumat verildi.


Bildirildi ki, 1 Dekabr küçəsi şəhərin diplomatik yolla işğaldan azad olunduğu tarixə əsasən belə adlandırılıb. Küçənin uzunluğu 1566 metr, eni isə 10 metr təşkil edir.


Prezident İlham Əliyev küçənin adının yazıldığı lövhənin üzərindən örtüyü götürdü.


Sonra dövlətimizin başçısı küçədə yerləşən və bərpa edilmiş yaşayış evində yaradılan şəraitlə tanış oldu.

**16:00

Mayın 28-də Laçın şəhərində Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışı olub.


Senzor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.


Dövlətimizin başçısına küçələrdə görüləcək işlər barədə məlumat verildi.


Bildirildi ki, Xosrov bəy Sultanov küçəsinin uzunluğu 1329 metr, eni 12 metr olacaq.


Zəngəzur küçəsinin uzunluğu 2142 metr, eni isə 10 metr təşkil edəcək.


Qeyd edildi ki, küçələrdə aparılacaq yenidənqurma işlərindən sonra burada zəruri infrastruktur yaradılacaq.


Dövlətimizin başçısı küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtüyü götürdü.


Küçə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Laçın şəhərində inşa olunan kotteclərə baxdı.

**16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışını edib.


Senzor.az xəbər verir ki, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov dövlətimizin başçısına küçələrdə görüləcək işlər barədə məlumat verdi.


Bildirildi ki, Laçın şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan küçənin uzunluğu 6967 metr, eni isə 10-12 metr təşkil edir. Vətən müharibəsində şanlı Qələbənin şərəfinə adlandırılan Zəfər küçəsinin uzunluğu 5239, eni isə 12 metrdir. 28 May küçəsinin isə uzunluğu 1703, eni isə 10 metr nəzərdə tutulur.

Qeyd edildi ki, şəhərin memarlıq üslubuna uyğun qaydada yenidən qurulacaq bu küçələrdə ən müasir infrastruktur yaradılacaq.


Prezident İlham Əliyevə, həmçinin Laçın şəhərində görülən işlər və Heydər Əliyev küçəsinin yenidənqurma konsepti barədə məlumat verildi.


Dövlətimizin başçısı küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtükləri götürdü.

**13:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər, 28 May, Xosrov bəy Sultanov, Zəngəzur küçələrində lövhələrin açılışında iştirak edib.


Senzor.az xəbər verir ki, dövlətimizin başçısına Laçın şəhərində görülən işlər və Heydər Əliyev küçəsinin yenidənqurma konsepti barədə məlumat verilib.


Prezident İlham Əliyev 1 Dekabr küçəsində lövhənin açılışında iştirak edib, bərpa olunmuş yaşayış evində yaradılan şərait ilə tanış olub.


Sonra dövlətimizin başçısı Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.


Daha sonra Prezident İlham Əliyevə Laçın şəhərinin Baş planı təqdim olunub. Dövlətimizin başçısı “İşğal” və “Zəfər” muzeylərinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub, son tamamlanma işləri aparılan idman kompleksi ilə tanış olub, ölkəmizdə reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Laçın rayonunun ərazisinə Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində iştirak edib, sakinlərin və turistlərin istirahəti üçün nəzərdə tutulan kottec tipli evlərin inşası ilə tanış olub.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.