Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda bir qrup hərbi vəzifəlilərin iştirakı ilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı başa çatıb.
Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev təlim toplanışın keçirildiyi əraziyə gələrək təlim prosesinin gedişatı ilə maraqlanıb. Hərbi vəzifəlilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də təlimlərin daha da səmərəli keçirilməsi ilə bağlı öz tövsiyələrini verib.
Təlim toplanışının başa çatması münasibətilə bağlanış mərasimi keçirilib.
Mərasimdə əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər keçirilən təlimlərin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və şəxsi heyətin peşəkarlığının artırılması baxımından müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıblar.
Sonda təlim toplanışında fərqlənənlərə fəxri fərmanlar təqdim olunub.
Qeyd edək ki, hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması məqsədilə keçirilən toplanışda atıcı silahlardan və qumbaraatanlardan atış çalışmaları yerinə yetirilib, həmçinin sıra, taktiki, hərbi tibbi və ixtisas hazırlıqlarından nəzəri və praktiki məşğələlər təşkil olunub.