"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-2153 reysini yerinə yetirən təyyarə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxirə salınmış iki reysin sərnişinləri ilə birlikdə saat 12:37-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana yola düşüb.
Senzor.az bu barədə "Azərbaycan Hava Yolları"na istinadən xəbər verir.
"Beləliklə, təxirə salınmış reyslərin bütün sərnişinləri Naxçıvana yola düşüblər. Bundan sonra bu istiqamətdə uçuşların icrası əsas cədvələ uyğun olaraq davam edir", - məlumatda deyilir.
Bildirilir ki, ötən gündən etibarən ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar uçuşları təxirə salınmış sərnişinlərin daşınması üçün AZAL aviaşirkəti Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reys yerinə yetirib.
Qeyd edək ki, QSC Bakı-Naxçıvan istiqamətində gecikən iki reysin 51 sərnişini hoteldə yerləşdirmişdi.