“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Qlobal Media Forumu iyulun 22-də işini sessiyalarla davam etdirib.
Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən Forumun ikinci gününün birinci sessiyasında əvvəlcə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib. O, 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan mediasının maarifçilik prinsipləri əsasında böyük tarixi yol keçdiyini, xalqımızın ictimai-siyasi fikrinin, həmçinin müstəqillik amallarının formalaşmasında “Əkinçi” qəzetinin böyük rolunun olduğunu bildirib.
Beynəlxalq xəbər aparıcısı, jurnalist Maria Ramosun moderatorluğu ilə keçirilən “Medianın gələcəyi: Rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu” adlı sessiyada medianın gələcəyi, ənənəvi media üçün növbəti addımlar, rəqəmsal transformasiya məsələsi diqqət mərkəzində olub.
“Global Policy” İnstitutunun prezidenti Paolo von Schirach çıxışında müasir dövrdə texnologiyada baş verən yeniliklərin xəbərlərin hazırlanmasına mənfi təsirlərindən danışıb. Diqqətə çatdırılıb ki, texnologiya sahəsindəki inkişaf media qarşısında da yeni çağırışlar yaradır. Bir qrup təşkilatların yalan informasiyaları insanların xəbərlərə olan inamını itirib.
Media sahəsində dəyişikliklərin çox sürətlə getdiyini deyən kanadalı jurnalist, televiziya, sənədli film, podkast və debat prodüseri Dana Volfe dəyişikliklərə uyğunlaşmağın zəruriliyini, əks halda, bu sahəni tərk etməli olduqlarını bildirib.
“Forward Thinking” şirkətinin həmtəsisçisi və direktoru Oliver Makternan qeyd edib: “Xəbərləri əyləncəli təqdim etmək onun əhəmiyyətini itirir. Demək olar ki, xəbərlərdə dəqiqlik yoxdur. Biz bunu daha çox sosial mediada müşahidə edirik. Sosial media sahəsində problem ondan ibarətdir ki, biz xəstə təfəkkürlü insanların əlinə silah vermişik”.
“Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin sədri Azər Xəlilov çıxışında informasiyaları əyləncəli təqdim etməyin onların əhəmiyyətini itirdiyini düşünmədiyini, bu xəbərləri yaradan səbəblərin aktuallığını itirdiyini vurğulayaraq deyib: “Xəbərlər elə hazırlanmalıdır ki, içərisində əyləncə də olsun”.
Sessiyada Forum iştirakçıları, həmçinin səmərəli kommunikativ əlaqələrin inkişafı, ənənəvi medianın rolu və gələcəyi, yeni tendensiyalar fonunda jurnalistikada yaranan çətinliklər və aktuallaşan yeni istiqamətlər, eləcə də bu sahədə rəqəmsal alətlərin tətbiqinin yaratdığı nəticələri müzakirə edib, sualları cavablandırıblar.
Forumun ikinci sessiyası isə “Mediada investisiya və istehlak tendensiyaları” mövzusuna həsr olunub. Xəbər aparıcısı Caffar Hasnainin moderatorluğu ilə keçirilən sessiyada müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı (dezinformasiya və feyk nyusla mübarizə üsulları) məsələləri nəzərdən keçirilib.
Sessiyanın panel müzakirəsində çıxışı zamanı jurnalist, media meneceri Bora Bayraktar deyib: “Bir sıra məsələlər var ki, onlara həssas yanaşmırıq. Jurnalist olaraq vəzifəmiz ondan ibarətdir ki, biz digərlərindən fərqlənək, insanlara zərər verəcək xəbər yaymayaq. Eyni zamanda, müəyyən regionlar haqqında reportaj hazırlayarkən sosial həyatı, ətraf mühiti nəzərə almalıyıq”.
Strateji Araşdırmalar Forumunun təsisçisi və prezidenti, Serbiya parlamentinin sabiq deputatı Neven Cvetiçanin çıxışında vurğulayıb ki, Azərbaycan bütün dillərdə danışmağın mümkün olduğu nadir yerlərdən biridir. Prezident İlham Əliyev ötən gün Qoşulmama Hərəkatı barədə danışdı. Mən də elə bu Forumu “Qoşulmama Mediası” adlandıra bilərəm.
“TASS” informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman çıxışında peşəkar, klassik jurnalistikanı sosial və internet-medialarından ayırıb. O deyib: “Bunlar iki fərqli fenomendir, hər birinə diqqət və hörmətlə yanaşmaq, lakin bir-biri ilə qarışdırmamaq lazımdır”.
Xəbər jurnalistləri barədə danışarkən M.Qusman bildirib ki, onlar üçün yalnız biq qayda mövcuddur – aydın, “zəhərlənməmiş”, düzgün məlumat.
Sonra çıxış edən “Economyfirst Limited London” şirkətinin direktoru Klaus Jürgens agentliklərin marketin fəaliyyətindən danışıb. Yaxşı gəlir əldə etmək üçün agentliklərin müasir düşüncəyə malik peşəkar komandaya ehtiyaclarının olduğunu diqqətə çatdırıb.
Yerli və xarici media nümayəndələrinin, eyni zamanda, ekspertlərin iştirakı ilə keçirilən Forumun ikinci sessiyada media məhsullarının istehsalı və istehlakı ilə bağlı dəyişən trendlər, mediada investisiya məsələləri, media savadlılığının peşəkar medianın inkişafında rolu, yeni mediada dəyər zəncirinin yaradılması və biznes modellərinin inkişafı ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Forumda, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.
Forum işini iyulun 23-də yekunlaşdıracaq.