Xəbər verdiyimiz kimi, Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus “Şirvan Araz zavodu” MMC-də partlayış baş verib. Hadisə nəticəsində bir nəfər həlak olub, bir nəfər isə əlindən xəsarət alıb.
Hazırda MSN, FHN və Baş Prokurorluq tərəfindən araşdırmalar aparılır.
Senzor.az bildirir ki, bu arada Nazirliyin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakov Türkiyədə keçirilən “İDEF-2023” Beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün qardaş ölkəyə səfər etmiş müdafiə sənayesi naziri Mədət Quliyevin hadisə ilə əlaqədar Bakıya geri döndüyü və Şirvan şəhərinə yollandığı barədə məlumat yayıb.
Nazir Mədət Quliyev və Nazirliyin səlahiyyətli əməkdaşları, Şirvan şəhərinin prokuroru Kamal Talıbov və İcra başçısı İlqar Abbasov hadisə yerinə baş çəkib, ətraflı məlumat əldə ediblər.
Mədət Quliyev və digər rəsmi şəxlər hadisə nəticəsində xəsarət alan Səbinə Şəkərovanı xəstəxanada ziyarət ediblər, həkimlərdən xəstənin vəziyyəti barədə məlumat alıblar.
Daha sonra Mədət Quliyev Hacıqabulda dəfn edilmiş Mehman Əhmədovun ailəsi və doğmaları ilə görüşüb, mərhumun yaxınlarına başsağlığı verib.
**12:58
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı üzrə Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Senzor.az bildirir ki, KİV-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumatda belə deyilir.
Hazırda hadisə yeri prokurorluq əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.
**12:44
Bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib.
Nazirlikdən "Report"a verilən məlumata görə, hadisə nəticəsində bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.
“Report” xəbər verir ki, hərbi sursatın partlaması nəticəsində Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Əhmədov Mehman Həsən oğlu hadisə yerində ölüb.
Şirvan şəhəri, Xaqani küçəsində yaşayan 1978-ci il təvəllüdlü Səbinə Şəkərova isə xəsarət alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.