Qərbi Azərbaycan İcması Xankəndidəki qeyri-qanuni rejimin Azərbaycanın Qarabağ bölgəsində yaşayan əhaliyə Azərbaycanın digər bölgələrindən çatdırılan yüklərin qarşısını alması nəticəsində yaranan vəziyyətə münasibət bildirib.
Senzor.az xəbər verir ki, İcmanın açıqlamasında deyilir:
"Biz – Qərbi Azərbaycan İcması Xankəndidəki qeyri-qanuni rejimin Azərbaycanın Qarabağ bölgəsində yaşayan əhaliyə Azərbaycanın digər bölgələrindən çatdırılan yüklərin qarşısını alması nəticəsində yaranan vəziyyəti diqqətlə izləyirik.
Ermənistandan qovulmuş azərbaycanlıları birləşdirən və onların hüquqlarını müdafiə edən təşkilat kimi Qərbi Azərbaycan İcması Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin re-inteqrasiyası istiqamətində Azərbaycan hökumətinin səylərini alqışlayır. Azərbaycan inklüziv və tolerant cəmiyyət nümayiş etdirməklə barışıq və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüquqlarının bərpası ilə bağlı müsbət nümunə yaradır. Ümid edilir ki, Ermənistan bu nümunəni nəzərə alacaq və anlaşma, dialoq və Ermənistandakı öz yurd-yuvalarından zorla qovulmuş azərbaycanlıların təhlükəsiz repatriasiyası, bu ölkədə çoxmillətli cəmiyyətin bərpası istiqamətində addımlar atacaq.
Təəssüf ki, Ermənistan Azərbaycanın bu xoş məramlı tədbirlərinə oxşar cavab addımları atmayıb. Ermənistan nəinki öz ərazisindən qovulmuş azərbaycanlıların geri qayıtmasına qətiyyətlə əngəl törədir, həm də Azərbaycanda məskunlaşan ermənilər arasında separatizmi fəal şəkildə təşviq etməklə gərginliyi artırmaqda davam edir. Ermənistanın hərəkətləri, o cümlədən Azərbaycanın Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrini saxlaması və Xankəndidəki qeyri-qanuni rejimə maliyyə dəstəyi yalnız vəziyyəti gərginləşdirməyə və regional sabitliyi pozmağa xidmət edir. Bu hərəkətlər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də Ermənistandan qovulmuş azərbaycanlıların fundamental hüquqlarına açıq-aşkar hörmətsizlik nümayiş etdirir.
Xüsusilə, Qərbi Azərbaycan İcması Ermənistanın və Xankədidəki qeyri-qanuni rejimin Azərbaycanın digər bölgələrindən Qarabağ ermənilərinə təchizatı əngəlləməklə və heç bir sərhəd və gömrük nəzarəti olmadan Xankəndiyə eksklüziv təchizat marşrutları tələb etməklə süni humanitar böhran yaratmaq cəhdlərindən ciddi narahatlığını bildirir.
Qərbi Azərbaycan İcması barışıq prosesinə mane olan, həmçinin sakinlərin həqiqi ehtiyaclarının siyasi məqsədlər üçün sui-istifadə olunduğu bu manipulyasiya xarakterli taktikaları qətiyyətlə pisləyir.
Bundan əlavə, biz Avropa İttifaqının (Aİ) bu məsələyə qarışmasına dərin təəssüfümüzü və qəti şəkildə narazılığımızı bildiririk. Aİ missiyasının Azərbaycan hökumətinin razılığı olmadan Azərbaycana daxil olmağa cəhd edən konvoyla yanaşı olması suverenlik və ərazi bütövlüyü prinsiplərinə xələl gətirir və Ermənistana yanlış siqnal ötürür.
Xatırlatmaq istərdik ki, Aİ-nin Ermənistandakı missiyasının mandatına Ermənistanın Azərbaycanın suverenliyini pozmağa yönəlmiş hərəkətlərində iştirak etmək daxil deyil. Vaxtilə azərbaycanlıların məskunlaşdıqları ərazilərdə yerləşdirilmiş missiyanın mandatı münaqişənin Ermənistandan zorla qovulmuş azərbaycanlılara təsirini qiymətləndirmək, onların təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına imkan yaradan etimad tədbirlərini dəstəkləməkdən ibarətdir. Əgər Aİ həqiqətən də insan haqlarını müdafiə edirsə, onda o, Ermənistanın şantaj taktikasına ortaq olmaq əvəzinə bizim geri qayıtmaq hüququmuzu dəstəkləməlidir.
Biz Ermənistan hökumətindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüzünü dərhal dayandırmasını tələb edirik. Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının qarşısını almaq məqsədi daşıyan bədxah fəaliyyətinə son qoymalıdır. Biz, həmçinin Ermənistan hökumətinə insan hüquqlarına hörmət etmək, bizim təhlükəsiz və ləyaqətli qayıdışımıza imkan yaratmaq və bu məqsədlə bizimlə dialoq aparmaq çağırışımızı təkrarlayırıq".