Bir qrup amerikalı jurnalist və media eksperti Quba Soyqırımı Memorial Kompleksinə baş çəkib.
Senzor.az xəbər verir ki, qonaqlar 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət edib, erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb.
Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Qeyd olunub ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Qonaqlar həmçinin dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə, buradakı sinaqoqlar, Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi ilə də tanış olublar.
Qeyd edək ki, nümayəndə heyətinə ABŞ-ın Yel Universitetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan azərbaycanlı jurnalist Vüsalə Abbasova, “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın qabaqcıl media qurumlarının (Fox TV, CNN, Al Jazeera) müharibə müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının tanınmış televiziya şəbəkəsinin (Caracol TV and Canal 1) Nyu-York və paytaxt Vaşinqtondakı müxbiri, tanınmış blogger Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, “Anadolu” Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar və “RC Communications”nın prezidenti, tanınmış jurnalist və siyasi şərhçi Kelvin Dark daxildir.