Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasında baş vermiş torpaq uçqunu nəticəsində ölənlərin sayı 7-yə çatıb.
Bu barədə hadisə yerində jurnalistlərə açıqlama verən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib. O, xilasedicilərin ötən gün 2, bu gün isə 5 nəfərin meyitini torpaq kütləsinin altından çıxardıqlarını deyib.
Baş nazir əlavə edib ki, təbii fəlakətlə əlaqədar həftə sonu aktiv iş günü kimi davam etdiriləcək, avqustun 7-si isə Gürcüstanda matəm günü olacaq.
Qaribaşvili deyib ki, torpaq uçqununun fəsadlarının aradan qaldırılmasına xilasedicilərlə yanaşı, ordu da cəlb ediləcək. O, müdafiə qüvvələrinin yerlərdə xüsusi texnika ilə işləyəcəyini deyib.
Qaribaşvili vəziyyətin çox ağır olduğunu, ərazidəki kotteclərin bir hissəsinin torpaq kütləsinin altında qaldığını vurğulayıb.