Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Neftçala rayonu, Qızılağac Milli Parkında baş vermiş yanğın ərazinin çətin keçilən bataqlıq və küləkli hava şəraitinə baxmayaraq tam söndürülüb.
Bu barədə Senzor.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində təxminən 200 hektar sahədə kol-kos və qamışlıq yanıb. Milli Parkın böyük hissəsi yanğından mühafizə olunub.
"Xatırladaq ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları və yerli icra hakimiyyətinin müvafiq qüvvələri iştirak edib", - məlumatda qeyd olunub.
**23:21(06.08.2023)
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Neftçala rayonu, Qızılağac Milli Parkında baş vermiş yanğın ərazidə havanın küləkli olmasına baxmayaraq məhdudlaşdırılıb.
Bu barədə Senzor.az-a FHN-dən məlumat verilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
**20:26
Qızılağac Milli Parkının ərazisində qamışlıq sahədə intensiv yanğınsöndürmə tədbirləri davam etdirilir.
Senzor.az-ın məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev jurnalistlərə bildirib ki, ETSN-in yerli qurumlarının əməkdaşları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və aviasiya dəstəsinin iki helikopteri hadisə ilə əlaqədar əraziyə cəlb olunub.
Xidmət rəisi yanğın hadisələrinin baş verməməsi, təbiət ərazilərinin zərər görməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına olduqca ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.
**18:32
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Neftçala rayonu, Qızılağac Milli Parkının ərazisində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Senzor.az-a verilən xəbərə görə, hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.