Bu gün milli azadlıq hərəkatının rəhbərlərindən biri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993) Əbülfəz Əliyevin (Elçibəyin) doğum günüdür.
Senzor.az xatırladır ki, Əbülfəz Qədirqulu oğlu Əliyev 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirərək, təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Əliyev 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək, 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.
Ə.Elçibəy 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatının rəhbərlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ə.Elçibəy 1 il sonra Gəncə hadisələri ilə əlaqədar paytaxtı tərk edərək, Kələki kəndinə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Ə.Elçibəy daha sonra siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.
Ə.Elçibəy uzun sürən ağır xəstəlikdən sonra 2000-ci il avqustun 22-də 62 yaşında Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib. O, Fəxri Xiyabanda dəfn olunub.