
Gəncədə yas mərasimində qidadan kütləvi zəhərlənmə baş verib.
Senzor.az bildirir ki, bir neçə şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib.
Aralarında azyaşlılar da var.
***
TƏBİB-dən bildirilib ki, saat 18:00 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.
Qeyd edilib ki, onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
***
Hadisə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də məlumat yayıb.
“12 iyul Gəncə şəhərində keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
İlkin məlumata görə, özlərini narahat hiss edən şəxslərə xəstəxanada müvafiq tibbi yardım göstərilib. Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu qoyulub. Həkim müayinəsindən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilib və xəstələr evə buraxılıblar.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mərasimdə təqdim olunan, məişət şəraitində hazırlanan qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə təqdim edilib.
Araşdırmalar davam etdirilir”, - məlumatda deyilir.