
Vəkillər Kollegiyasının keçmiş üzvü, dələduzluqda ittiham olunan hüquqşünas Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Senzor.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib və çıxış etmək üçün söz prokuror Valeh Ələkbərova verilib.
İttiham nitqi ilə çıxış edən prokuror Namizəd Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Növbəti proses noyabrın 26-da davam edəcək.
Qeyd edək ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyininə görə vətəndaş polisə müraciət edib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.