
Tanınmış repçi Elşad Xosenin səhhətində ciddi problemin yaranması, onun bir neçə gün əvvəl Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.
Baku TV-nin əməkdaşları bu iddialara aydınlıq gətirmək üçün xəstəxanaya yollanıb. Tibb müəssisəsindən onlara yayılan məlumatın yanlış olduğu bildirib.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, bu barədə mətbuata məlumat verilmir: “Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, şəxsin psixi sağlamlığına, o cümlədən psixiatriya və narkoloji xidmətlərdən istifadə etməsinə dair məlumatlar tibbi sirr hesab olunur və fərdi tibbi məlumatların məxfiliyi dövlət tərəfindən qorunur.
Bu səbəbdən hər hansı şəxsin psixiatriya və ya narkoloji tibb müəssisəsində qeydiyyatda olub-olmaması barədə məlumat üçüncü şəxslərə və ya kütləvi informasiya vasitələrinə təqdim edilə bilməz. Belə məlumatlar yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda, şəxsin özünün razılığı ilə və ya məhkəmə, istintaq və digər səlahiyyətli dövlət orqanlarının qanuni tələbi əsasında açıqlana bilər”.
Beləliklə, Respublika Psixiatriya Xəstəxanası yayılan iddiaları təkzib etsə də, Səhiyyə Nazirliyi qanunvericiliyin tələblərini əsas gətirərək Elşad Xose ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib.