
Azərbaycanda 18 yaşadək uşağı olan və olmayan ev təsərrüfatlarının yaşayış tərzi, istehlak vərdişləri və məişət şəraiti arasında diqqətçəkən fərqləri ortaya qoyur.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, uşaqlı ailələrdə adambaşına qida istehlakı demək olar ki, bütün məhsul qrupları üzrə uşaqsız ailələrdən aşağıdır.
Belə ki, uşaqlı ailələrdə adambaşına illik ət istehlakı 34,6 kiloqram olduğu halda, uşaqsız ailələrdə bu göstərici 43,2 kiloqramdır. Süd və süd məhsullarında fərq daha böyükdür – müvafiq olaraq 235,8 və 282,7 kiloqram.
Eyni mənzərə meyvə və balıq məhsullarında da müşahidə olunur. Uşaqlı ailələrdə adambaşına meyvə istehlakı 80,8 kiloqram, uşaqsız ailələrdə isə 104,4 kiloqramdır. Balıq istehlakı isə müvafiq olaraq 7,4 və 9,7 kiloqram təşkil edir.
Statistika göstərir ki, uşaqlı ailələr daha kiçik mənzillərdə yaşayırlar. Belə ki, onların 55,1 faizi 10,1-20 kvadratmetr yaşayış sahəsinə malik mənzillərdə yaşayır. Uşaqsız ailələrdə bu göstərici 26 faizdir.
Bununla yanaşı, 30 kvadratmetrdən böyük yaşayış sahəsinə malik evlərdə yaşayan uşaqlı ailələrin payı cəmi 7,7 faiz, uşaqsız ailələrdə isə 43,5 faizdir.
Məişət avadanlıqları baxımından isə uşaqlı ailələr daha təminatlı görünür.
Belə ki, uşaqlı ailələrin 90,9 faizində internet, 68,7 faizində kompüter, 54,9 faizində isə minik avtomobili var. Uşaqsız ailələrdə bu göstəricilər müvafiq olaraq 85,7 faiz, 64,1 faiz və 38,4 faizdir.
Ən böyük fərqlərdən biri uşaqlar üçün velosipedlərdə müşahidə olunur. Statistikaya əsasən, uşaqlı ailələrin 27,9 faizində uşaq velosipedi olduğu halda, uşaqsız ailələrdə bu göstərici cəmi 1,1 faizdir.
Yaşayış növünə görə də fərqlər mövcuddur. Uşaqlı ailələrin 70,7 faizi fərdi yaşayış evlərində, 27,2 faizi isə ayrıca mənzillərdə yaşayır. Uşaqsız ailələrdə fərdi evlərin payı 63,9 faiz, ayrıca mənzillərin payı isə 33,6 faizdir.