
Kömək etmək adı ilə təqaüdçüləri talayan şəxs saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, paytaxtın Yasamal rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bankomatdan pul çıxarmaqda çətinlik çəkən vətəndaşların pul vəsaitlərini talamaqda şübhəli bilinən S.Rəşidzadə saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, əsasən ahıl yaşlı təqaüdçülərə bankomatdan pul çıxarmaqda kömək etmək adı ilə yaxınlaşaraq onların bank kartlarındakı vəsaitləri ələ keçirib. S.Rəşidzadənin bu üsulla 3 vətəndaşa məxsus ümumilikdə 2400 manat pul vəsaitini taladığı müəyyən olunub.
S.Rəşidzadə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq hərəkətləri davam etdirilir.
DİN bir daha vətəndaşlara çağırış edir ki, bankomatdan istifadə zamanı bank kartlarını və PİN-kodlarını tanımadıqları şəxslərə etibar etməsinlər: “Kömək təklif edən şəxslərə qarşı diqqətli olun, kart məlumatlarınızı və təsdiq kodlarınızı heç kimlə paylaşmayın”.