
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan milli musiqisi, milli rəqs nümunələri, milli mətbəxinin təamları, folklor və qədim sənətkarlıq nümunələri təqdim olunub. Etnoqrafik guşədə əsrlərlə qorunub saxlanan milli-mənəvi dəyərlərimizi və milli adətlərimizi əks etdirən eksponatlar - milli xalçalarimiz, palazlar, səhənglər, cəhrə, dəyirman daşı, mis qablar, məşrəf, sandıq, heybə, kəlağayı, qurama, orta əsr Ağsu şəhərində aşkar olunan eksponatlar və sair sərgilənir.
Guşənin qurulmasında və eksponatlarının toplanmasında Qoruğun əməkdaşları ilə yanaşı, Ağsu sakinləri də iştirak ediblər.
“Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor müavini Şölə Bayramova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Azərbaycan zəngin və qədim folkloru, milli-mənəvi dəyərləri ilə seçilir. Azərbaycan folklorunun və etnoqrafiyasının formalaşmasında tərəkəmə həyat tərzi və mədəniyyəti ilə bağlı adət-ənənələrin rolu böyükdür. O qeyd edib ki, rayonun Gəgəli, Padar-Qışlaq, Padar-Gülmalı, Qaraqoyunlu kəndlərinin özünəməxsus folklor nümunələri, etnoqrafik və mədəni müxtəlifliyi multikultural dəyərlərin təcəssümüdür.

Tədbirin sonunda Ağsu qoruğunun abidələri üzrə ekskursiya təşkil olunub və xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, “Orta əsr Ağsu şəhəri”nin etnoqrafiyasının daha geniş kütləyə təqdim olunmasına hesablanan guşə aprelin 15-dək ziyarətçilər üçün açıq olacaq.












