
Nigeriyanın şimal-qərbindəki yataqxanadan 24 məktəbli qız qaçıırılıb.
Associated Press agentliyi bildirir ki, həmin qızlardan biri silahlıların əlindən qurtularaq xilas ola bilib. Bu barədə agentliyə qızların oxuduğu məktəbin direktoru məlumat verib.
Qızlar bazar ertəsi günü səhər tezdən Kebbi əyalətinin Maqa şəhərindəki Hökumət Qızlar Orta Məktəbinin yataqxanasına silahlı şəxslərin hücumu nəticəsində qaçırılıb.
Yerli polis bildirib ki, silahlı şəxslər məktəb ərazisinə hücum edərək, mühafizəçilərdən birini öldürüblər.
Heç bir qrup qızların qaçırılmasına görə məsuliyyəti öz üzərinə götürməyib, lakin analitiklər və yerli sakinlər silahlı dəstələrin tez-tez məktəbliləri, səyahətçiləri və ucqar kəndlərin sakinlərini hədəf aldığını deyirlər.
Hakimiyyət orqanları quldurların, əsasən resurs çatışmazlığı ilə bağlı toqquşmalardan sonra əkinçilik icmalarına qarşı çıxan keçmiş çobanlar olduğunu iddia edirlər.
O da qeyd olunur ki, Nigeriyada - xüsusilə onun şimalında məktəb şagirdlərinin kütləvi qaçırılması halları geniş yayılıb.