
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Səudiyyə Ərəbistanı vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudu qəbul edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, tərəflər jurnalistlərlə ilkin görüşdə bir sıra mövzulara toxunublar.
Onların qısa açıqlamalarından məlum olub ki, danışıqlar təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsinə, mülki nüvə enerjisi sferasında əməkdaşlığa və krallıqla milyardlarla dollarlıq biznes müqavilələrinin bağlanmasına yönəlib.
Sonradan Tramp jurnalistlərə açıqlamasında iki ölkənin müdafiə sazişinə nail olduğunu deyib, lakin ətraflı məlumat verməyərək, Səudiyyə Ərəbistanının Amerika istehsalı olan müasir F-35 qırıcı təyyarələri alacağını bildirib.
Ağ Ev rəhbəri həmçinin Səudiyyə Ərəbistanının İsrail ilə münasibətlərinin normallaşdırılması perspektivləri ilə bağlı müsbət cavab aldığını bildirib. Lakin vəliəhd şahzadə açıq şəkildə bildirib ki, İbrahim Sazişlərinə qoşulmaq istəsə də, İsrailin Fələstin dövlətinin yaradılmasını təsdiqləməsi şərtinə sadiqdir.
Məhəmməd bin Salman öz növbəsində ölkəsinin ABŞ-a investisiyasını may ayında Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı vəd etdiyi 600 milyard dollardan 1 trilyon dollara çatdıracağına söz verib. Lakin o, təfərrüatlar və ya konkret müddət açıqlamayıb.