
Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) sabiq rəhbəri Auqust Hanninq saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə bir neçə yerli media qurumu apardığı araşdırmaya əsasən məlumat yayıb.
Məlumata əsasən, Almaniya Federal Baş Prokurorluğu A.Hanninq barədə dövlətə xəyanət xarakterli casusluq, dövlət sirlərinin əldə edilməsi, dövlətə xəyanətə cəhd və xarici kəşfiyyat fəaliyyəti ilə bağlı araşdırma aparır.

İş üzrə BND-nin digər keçmiş yüksəkvəzifəli əməkdaşı da saxlanılıb. Bildirilir ki, o, 2026-cı ilin yazınadək BND-də çalışıb və 2022-ci ilədək pul müqabilində A.Hanninqə məxfi məlumatlar ötürüb.
Araşdırmalara görə, A.Hanninqə təxminən 2 min məxfi sənəd verilib. Sənədlər arasında İranın nüvə proqramı və Rusiya ordusu ilə bağlı məlumatların, həmçinin xarici tərəfdaş kəşfiyyat xidmətlərindən əldə edilmiş materialların olduğu bildirilir.
İstintaq A.Hanninqin bu məlumatlardan ən azı bir halda xarici kəşfiyyat xidmətinə təhlükəsizlik təhlili hazırlamaq üçün istifadə edib-etmədiyini araşdırır. Federal Baş Prokurorluq məsələ ilə bağlı gün ərzində açıqlama verəcəyini bildirib.