Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Senzor.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, R. Cəlilov 13 yanvar 1963-cü il tarixində anadan olub. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib. Özəl sektorda, Xəzər Dəniz Gəmiçilik İdarəsində, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb.
Azərbaycan Prezidentinin 13 may 2020-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini vəzifəsinə təyin edilmişdi. İlham Əliyevin bu gün imzaladığı sərəncamla həmin vəzifədən azad edilib.
**
Prezident İlham Əliyev Rəşad Ənvər oğlu Tağıyevin Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında da sərəncam imzalayıb.
Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə Neftçala rayonunda anadan olub.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində korporativ hüquq üzrə magistr dərəcəsi alıb.
2003-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.
2007-2013-cü illərdə “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.
2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.
Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
2020-ci ilin dekabrından Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması
şöbəsinin müdiri vəzifəsində çalışıb.