Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu vəfat edib.
Senzor.az bildirir ki, sənətçi bu gün müalicə aldığı "Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.
Xatırladaq ki, Y.Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulmuşdu.
Qeyd edək ki, Y.Zurufçu 1956-cı il aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. O, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnılarını ifa edib.
Y.Zurufçu ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına adına layiq görülüb.
**
Bir az əvvəl isə Nazirlər Kabineti yanında Operativ Qərargah son sutka ərzində koronavirusa yoluxanlr, ölənlər və sağalanlar barədə son rəqəmləri açıqlayıb.
Məlumata görə, Azərbaycanda 2077 yeni yoluxma faktı qeydə alınıb, 3725 nəfər müalicə olunaraq sağalıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 463 326 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 416 194 nəfər müalicə olunaraq sağalıb, 6 167 nəfər vəfat edib. Aktiv xəstə sayı 40 965 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 991, bu günə qədər isə ümumilikdə 4 675 110 test icra olunub.