Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq baş prokuror, keçmiş səfir Eldar Həsənovun işi üzrə növbəti proses başlayıb.
Gununsesi.info xəbər verir ki, prosesdə çıxış edən müdafiə tərəfi Eldar Həsənovun səhhətinin pis olduğunu və məhkəmənin təxirə salınmasını istəsə də, hakim Əfqan Hacıyev bununla razılaşmayıb.
Prosesin ilk dəqiqələrindəcə Eldar Həsənov huşunu itirib. Təcili Tibbi Yardım Xidmətinin həkimləri məhkəmənin dəhlizində Eldar Həsənova süni oksigen verərək, sistem köçürüblər.
Foyedə xərəkdə uzadılan Eldar Həsənova yaxınlaşan hakim Əfqan Hacıyev “Mən o qədər də zalım adam deyiləm”, - deyə üzrxahlıq edib.
“Təzadlar”qəzetinin baş redaktoru Asif Mərzili isə “Facebook”da Eldar Həsənovun qızı Səbinə Hüseynovaya məxsus olan bu statusu paylaşıb: "Bu gun atam Eldar Həsənovun qondarma itthamlarla bağlı novbeti mehkemesi oldu. Sehheti o geder ağır idi ki, ne ozu, ne de vekilleri prosesin kecirilmeyeceyine emin idiler. Ancaq onu ele ağır vəziyyətde mehkemeye getirdiler. Prosesin ilk anındaca hushunu itirdi. Atamı muayine etmek ucun gelen tecili yardim işçileri özleri bele şokda idiler . mehkemenin dehlizinde atama suni nefes aparatı qosuldu ve sistem goyuldu. Bu hansi edalete sığır? Bunu o adama edirler ki, musteqillikden sonra olkenin huquq-muhafize orqanlarinin qurucularindan olub. Bir ovlad kimi onun dilinden "Qizim menim sonum yaxinlasir" ifadesini esitmek cox ağır idi...".
Tanınmış və təcrübəli həmkarımız bu statusun altına özünün əsasən suallardan ibarət olan qeydlərini də əlavə edib: “Nə baş verir? Çox maraqlıdır... Ya ortada nəsə siyasi məsələ var, real və ya uydurulma olmasından asılı olmayaraq... Həqiqət aydınlaşdırılmalıdr. Ölkənin sabiq Baş Prokuroru, sabiq səfir... Tanınmış bir insana qarşı bu necə məhkəmədir? Dövlətin milyonlarını mənimsəyən Yevlaxın sabiq başçısı Qoca Səmədov dünən ev dustaqlığına buraxılır, Eldar Həsənov isə... Heç nə başa düşmürəm. Prezidentə, dövlətə sadiq olmuş bir şəxsin ətrafında nə baş verir???”.
**14:32
Sabiq səfir Eldar Həsənov ifadə verəndən sonra vəkil Cavad Cavadov çıxış edib.
O da təqsirləndirilən Eldar Həsənovun səhhətində ciddi problemlərin olması və vəziyyətinin pisləşməsi səbəbindən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib.
Vəsatətə təmin edilməyib.
Bundan sonra prosesdə fasilə elan olunub.
Amma fasilədən sonra məhkəmə prosesi davam etdirilməyib.
Prosesin sentyabrın 20-nə təxirə salındığı elan olunub.
**11:36
Sabiq səfir, həbsdə olan Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilir.
APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Eldar Həsənov səhhətində yaranmış problemlər barədə danışıb, vəziyyətinə dair bir daha məlumat verərək məhkəməyə gəlməsinin çətin olduğunu deyib.
Hakim Əfqan Hacıyev isə cavab olaraq bildirib ki, bununla bağlı həkimlərin və ekspertlərin müvafiq rəyi olmalıdır.
Daha sonra Eldar Həsənov iş üzrə ifadə verməyə başlayıb.