Xəbər verdiyimiz kimi, 26 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq intensiv yağan yağışlar nəticəsində Bakı şəhərində bəzi fərdi evlər və həyətyanı sahələrin, kommunikasiya obyektinin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olmuşdu.
Bununla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb edilmişdi.
Görülmüş tədbirlər sayəsində paytaxın Binəqədi və Xəzər rayonları üzrə subasmaya məruz qalmış ərazilərdən yağış sularının kənarlaşdırılması təmin olunub.
Hazırda bəzi ünvanlarda yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
**14:55
26 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri sakinlərindən yağışların törətdiyi fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.
Senzor.az bildirir ki, məlumatı FHN-in saytı yayıb.
Qeyd olunub ki, qəbul edilmiş müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb. Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin müxtəlif ərazilərində bəzi fərdi evlər və həyətyanı sahələr subasmaya məruz qalıb.
Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün FHN-in müvafiq qurumlarının canlı qüvvə və texnikası suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.
Əlavə məlumat veriləcək.