Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Senzor.az FHN-ə istinadən bildirir ki, məlumatla əlaqədar dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 3 ədəd “F-1”, 2 ədəd “RQ-5”, 2 ədəd “RQ-42”, 1 ədəd “BRM-75” əl qumbarası və 2 ədəd UZRQM olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.