Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirir.
DİM-dən Senzor.az-a bildirilib ki, imtahanda 18 min 724 bakalavrın iştirakı gözlənilir. Onlardan 17 min 190-ı Azərbaycan bölməsi, 1534-ü rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12 min 292-si cari ilin, 6432-si isə əvvəlki illərin məzunlarıdır, 49 nəfər xarici ölkə vətəndaşıdır.
Bakıda 13 min 635, Naxçıvanda 501, Gəncədə 1528, Sumqayıtda 1344, Abşeronda 745, Mingəçevirdə 565, Lənkəranda 406 bakalavrın imtahan verəcəyi gözlənilir.
Magistraturaya qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda – Bakıda 51, Sumqayıtda 5, Abşeronda 3, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada olmaqla, ümumilikdə 72 binada təşkil olunacaq.
Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur. İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır. Üç saat davam edəcək imtahan başa çatdıqda və ya iştirakçı tərəfindən yekunlaşdırıldıqda cavab kartı ilə yanaşı, sual kitabçası da nəzarətçiyə təhvil verilir.
İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşya gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
Qəbul imtahanının idarə olunmasına 72 ümumi rəhbər, 202 imtahan rəhbəri, 1684 nəzarətçi-müəllim, 169 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.
Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 13-dən etibarən DİM-in internet saytına daxil olub buraxılış vərəqəsini çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.
Bakalavrlar imtahana gələrkən aşağıda qeyd olunan sənədləri mütləq özləri ilə gətirməlidirlər:
- Şəxsiyyəti təsdiqləyən sənədin əsli;
- İmtahana buraxılış vərəqəsi.
Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.